BAKI, 31 dekabr. TELEQRAF
“Finlandiya Prezidenti Aleksandr Stubbun 1944-cü ildə SSRİ üzərində “qələbə” ilə bağlı bəyanatı "ilin axmaqlığı"dır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bəzən axmaqlıq heyrətləndirir. Öz ölkələrindən danışanda məlum olur ki, faktları bilmirlər. Hesab edirəm ki, qeyri-adekvatlığa görə guya Sovet İttifaqını məğlub və ya orada nəsə etdikləri barədə danışan fin siyasətçilərinin bəyanatlarını “axmaqlıq üzrə liderlər” sırasına çıxarmaq olar”, - bu il onu ən çox şoka salan Qərb liderlərinin bəyanatının hansı olduğu barədə sualı cavablandırarkən o bildirib.
Mariya Zaxarova Finlandiyanın SSRİ sayəsində mövcud olduğunu da iddia edib:
“Tarixin hansı tərəfində durmalı olduqlarını müəyyənləşdirə bilmirdilər, müxtəlif mövqelər tuturdular, Üçüncü Reyxlə kollaborasionist münasibətlər sərgiləyirdilər. Daha sonra Sovet İttifaqının da az səyləri ilə düzgün çərçivələrə inteqrasiya olundular, XX əsrdə özlərinə bir neçə onillik üçün rüsvayçılıqdan uzaq mövcudluq təmin etdilər”.
Aleksandr Stubb 1944-cü ildə SSRİ ilə imzalanmış müqaviləni şərh edərkən, Finlandiyanın Sovet İttifaqı ilə müharibədə qalib gəldiyini və müstəqilliyini qoruduğunu açıqlamışdı.