BAKI, 19 dekabr. TELEQRAF
Rusiyanın Kalininqrad vilayətinə təhdidlər genişmiqyaslı münaqişəyə səbəb olacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bunu hamı başa düşməli və dərk etməlidir ki, bu cür addımlar indiyədək görünməmiş eskalasiyaya gətirib çıxaracaq, münaqişəni tamamilə başqa səviyyəyə çıxaracaq və onu genişləndirəcək, hətta genişmiqyaslı silahlı qarşıdurmaya qədər. Hamı bunu aydın şəkildə anlamalıdır”, - o bildirib.
Vladimir Putinin sözlərinə görə, Rusiya Kalininqrad vilayəti üçün yaranacaq bütün təhdidləri məhv edəcək.
“Ümid edirəm ki, bu baş verməz. Əgər bizə bu cür təhdidlər yaradılarsa, həmin təhdidləri məhv edəcəyik”, - Rusiya lideri regionun mümkün blokadası ilə bağlı suala cavab verərkən vurğulayıb.
Xatırladaq ki, Kalininqrad Rusiyaya məxsus vilayətdir, Baltik dənizi sahilində yerləşir və ana materiklə quru sərhədi yoxdur, Litva və Polşa ilə əhatə olunub. Tarixi adı Köniqsberq (Prussiya-Almaniya) olan bölgə İkinci Dünya müharibəsindən sonra SSRİ tərəfindən ələ keçirilib, 1946-cı ildə Kalininqrad adını alıb. Region strateji əhəmiyyətə malikdir və Baltik dənizinə çıxışı təmin edir.