BAKI, 12 iyun. TELEQRAF
Hindistanda Boeing 787-8 Dreamliner sərnişin təyyarəsinin yaşayış binalarına dəyməsi nəticəsində ölən 75 nəfərin qalıqları aşkar edilib.
Teleqraf xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanları yayıb.
Təyyarənin hündürlük əldə edə bilmədiyi, nəticədə havaya qalxdıqdan bir neçə saniyə sonra qəzaya uğradığı dəqiqləşdirilir.
Nəşrin məlumatına görə, təyyarə qəzası qurbanlarının ümumi sayı 317 nəfərə çatıb: təyyarənin göyərtəsində olan 242 sərnişin və ekipaj üzvü və yerdə olan 75 sakin. Təyyarə tibb universitetinin tələbə yataqxanasının binasına çırpılıb.
Eyni zamanda, Əhmədabad polis komissarı Gyanendra Singh Malikin sözlərinə görə, Air India şirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsi şəhərin sıx məskunlaşdığı ərazidə qəzaya uğradığından ölənlərin sayı arta bilər.
Təyyarə qəzasında sağ qalan yeganə şəxs 40 yaşlı britaniyalı Vişvaş Kumar Rameş olub. Onun dediyi kimi, havaya qalxdıqdan yarım dəqiqə sonra qulaqbatırıcı uğultu eşidilib, bundan sonra təyyarə qəzaya uğrayıb.
***
12 iyun, 23.07
Xilasedicilər Hindistanın qərbində, Əhmədabadda dağıntılar altından Boeing 787 Dreamliner sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 265 cəsəd çıxarıblar.
Teleqraf xəbər verir ki, Əhmədabad polisi belə məlumat yayıb.
Cəsədlər şəhərin mərkəzi xəstəxanasına aparılıb.
Xatırladaq ki, iyunun 12-də Əhmədabadda hava limanı yaxınlığında sərnişin təyyarəsi yaşayış binalarının üzərinə düşüb.
Hüquq-mühafizə orqanları artıq təyyarənin yaşayış məntəqəsinin ərazisinə düşdüyü üçün qurbanların sayının arta biləcəyini bildiriblər. Qurbanların dəqiq sayı DNT testindən sonra məlum olacaq.
***
22.05
Hindistanın qərbində qəzaya uğrayan Air India Boeing 787 Dreamliner təyyarəsi təxminən 125.000 litr yanacaqla doldurulubmuş.
Telerqaf xəbər verir ki, bu barədə jurnalistlərə qəza yerinə gələn Hindistanın daxili işlər naziri Amit Şah məlumat verib.
O bildirib ki, qəza zamanı heç kəsin xilas şansı olmayıb.
Nazir deyib: “Təyyarənin göyərtəsində demək olar ki, 125 min litr yanacaq olub və yüksək temperatur səbəbindən baş verən yanğın nəticəsində heç kimi xilas etmək şansı olmayıb”.
Bununla belə, daxili işlər naziri qəzaya uğrayan təyyarənin bir sərnişininin sağ qaldığını təsdiqləyib.
Amit Şah jurnalistlərə bildirib ki, qəzada ölənlərin dəqiq sayı DNT testləri aparıldıqdan sonra açıqlanacaq.
Qeyd edək ki, ilkin məlumatlara görə, təyyarədə 230 sərnişin və 12 ekipaj üzvü olub.
***
20.46
Hindistanın "Air India" təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yeni versiya açıqlayıb. Bildirilir ki, qəzanın əsas səbəbi hər iki mühərrikin nasazlığı ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə "News18" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, mühərriklər sıradan çıxan kimi pilot dərhal hava hərəkəti dispetçerlərinə qəza siqnalı göndərib. Lakin hələlik yekun nəticə çıxarmaq üçün tez olduğu vurğulanır. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Əvvəlki ehtimallara görə, qəzanın baş verməsində pilot xətası və ya quşlarla toqquşma da mümkün səbəblər arasında göstərilirdi.
Xatırladaq ki, iyunun 12-də Hindistana aid qəzaya uğrayan təyyarədə 242 nəfər olub, onlardan yalnız biri – 11A oturacaqda oturan sərnişin sağ qalıb. Təyyarə yataqxana binasına çırpılıb.