​BAKI, 25 may. TELEQRAF

Qazaxıstanın Manqistau vilayətinin Fort-Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.

Teleqraf xəbər verir ki, Bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq təsərrüfatı komitəsi məlumat yayıb.

Bildirilib ki, Asan, Bautin burnu və Urduk burnu ərazilərində keçirilən monitorinq zamanı suitilərin cəsədləri aşkar edilib. Komitə nümayəndələrinin sözlərinə görə, suitilər ötən ilin noyabr-dekabr aylarında tələf olub və cəsədlərin vəziyyəti səbəbindən onlardan nümunə götürmək mümkün olmayıb.

Aşkarlanmış heyvan cəsədləri toplanaraq xüsusi poliqonda məhv edilib. Balıqçılıq təsərrüfatı üzrə Jayıq–Xəzər regional inspektorluğu sahilboyu monitorinqi davam etdirir.

Qazaxıstan rəsmilərinin açıqlamasına əsasən, 2023-cü ilin noyabrından bəri Xəzərin bu hissəsində aşkarlanan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.

Qeyd edək ki, sonuncu dəfə aprelin 29-da Manqistau vilayətinin Tupqarağan rayonunda 88 suitinin cəsədi aşkar olunmuşdu. Hazırda suitilərin kütləvi ölüm səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.