BAKI, 13 may. TELEQRAF
Pakistan Hindistanın Baş naziri Narendra Modinin bazar ertəsi günü etdiyi çıxışında səsləndirdiyi bəyanatları kəskin şəkildə rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan bəyanatda qeyd olunub.
Bəyanatda Modinin sözləri təhrikedici, nifrət yaradan və dezinformasiya üzərində qurulmuş hesab edilib.
"Pakistan, Hindistan Baş nazirinin dünənki çıxışında söylədiyi təhrikedici və nifrət yaradan bəyanatları qəti şəkildə rədd edir. Beynəlxalq səylər regionda sülh və sabitlik yaratmağa yönəlmişkən, bu bəyanat təhlükəli bir eskalasiyanı təmsil edir və siyasi oportunizm və beynəlxalq hüququn kobud şəkildə pozulmasına əsaslanır. Həmçinin bu bəyanat yalançı hekayələr yaratmağa yönələn bir yanaşmanı əks etdirir", - deyə Pakistanın Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik Pakistanın son zamanlarda əldə olunan atəşkəs razılaşmalarına bağlı qaldığını və regionda sabitlik yaratmaq üçün lazım olan addımları atmağa hazır olduğunu qeyd edib.