Teleqraf.com Moderator.az-a istinadən “Kino-kuryoz” layihəsindən növbətini yazını təqdim edir:

Bu dəfə 1969 –cu ildə çəkilən “Yeddi oğul istərəm filminin “kryoz”larından danışılacaq. Film Səməd Vurğunun “Komsomol poeması" əsasında Tofiq Tağızadə tərəfindən lentə alınıb.

Mirpaşa Elçin Məmmədov yox, Eldəniz Zeynalov olmalı imiş

Mirpaşa obrazı yəqin ki, hamımızın yadındadı. O, kobud hərəkətlərilə fərqlənən, yöndəmsiz olsa da mərd xarakter sahibidir. Çox düşünmür, böyük-kiçik yeri bilmir, ağlından nə keçirsə o saat dilinə gətirir. Amma bununla belə həm də düzgün insandır, ədalət xəstəsidir. Obrazı sevdirən şəxs isə mərhum rəssam Elçin Məmmədov olub. Aktrisa Barat Şəkinskayanın oğlu olan Elçin Məmmədov istedadlı rəssam kimi deyil, Mirpaşa və Qaraca çoban (“Dədə Qorqud” filmi) rollarının hesabına yaddaşlarda qaldı. Amma filmdə Mirpaşanı o deyil Eldəniz Zeynalov oynamalı imiş. Rejissor da, bədii şura da onu rol üçün təsdiqləmişdilər. Amma çəkilişlərin başlanmasından qabaq aktyorlar cıdırda 6 ay at sürmək təlimi keçməli imişlər. Elə ilk təlimdə Eldəniz atdan yıxılaraq bərk əzilir. Ondan sonra isə daha məşqə gəlmir, rolundan da imtina edir. Sən demə, aktoyun gözü bundan əvvəl də qorxubmuş. Kişi birinci dəfə “Qatır Məmməd” in çəkilişlərində (rejissor Rasim Ocaqov E.N) də atdan möhkəm yıxılır və sonradan Rasim Balayevin çəkiləcəyi Əziz rolundan imtina edir. Bu dəfə də yıxılandan sonra rejissor nə illah edirsə, onu razı sala bilmir. Axırda naəlac qalıb, filmin rəssamı Elçin Məmmədovu rola dəvət edir. O, da elə bir obraz yaradır ki, rejissorun və bədii şuranın yaxşı mənada təəccübünə səbəb olur. Bundan sonra Tofiq Tağızadə Elçin Məmmədovu kinoya gətirdiyi üçün çox məmnun olduğunu bildirir və onu özünün başqa bir əsəri olan “Dədə Qorqud”a dəvət edir.

Rasim Balayevi bu cür yola verdilər

Filmdə Bəxtiyardan sonra ikinci əsas obraz olan Cəlal uğrunda əməlli-başlı “döyüşlər” gedib. Öncə bunu qeyd edək ki, film ilk olaraq rejissor Kamil Rüstəmbəyova tapşırılmışdı. Sonradan hansısa səbəblərdən çəkilişlər ona deyil Tofiq Tağızadəyə tapşırılır. T.Tağızadə də əsasən öz komandası ilə işləməyə üstünlük verən rejissor olduğundan bu dəfə də ənənəsinə sadiq qalır. Cəlal rolu üçün artıq təsdiq olunmiş Rasim Balayevlə heç vaxt işləmədiyindən, yaxud, hansısa başqa səbəbdən Cəlalı ona deyil, aktyor Ənvər Həsənova həvalə edir. Rasim Balayev xatirələrində qeyd edir ki, rejissor onu filmdən uzaqlaşdırmaq üçün qeyri-adi bir dialoq aparır. Rasim Balayevdən soruşur ki, “sən şeir-zad bilirsən?” . O da “hə” deyib. Rejissorun “onda get, sonra danışarıq” sözlərilə söhbətə yekun vurulub. Amma R. Balayev də məsələnin nə yerdə olduğunu hiss edib və sabahısı gün heç çəkilişlərə də gəlməyib.

Turabovun nüfuzu

Filmdə Gəray bəyi oynayan Həsənağa Turabov çəkiliş heyəti arasında böyük nüfuz sahibi olub. Hətta əksər kadrların çəkimindən qabaq rejissor əl saxlayır və onunla məsləhətləşərmiş. Bu isə aktyorların heç xoşuna gəlmir. Məsələn, orada bir epizod var: Gəray bəy Gizirlə (Hamlet Xanızadə) söhbətləşən zaman yeddi güllə düzür və onları bir-bir götürür. Bu ssenaridə olmayıb. Turabov ağlına gələn ideyaya görə çətin çəkiliş prosesini ən azı bir saat ləngidib. Rejissor isə ona heç nə deməyib.

Film haqqında 2 FAKT

Deyilənlərə görə, “Yeddi oğul istərəm”ilk illər SSRİ bankına ən çox gəlir gətirən on film arasında olub.

ABŞ-ın Brodvey şəhərinin mərkızi küçələrində yeddi oğulun rəsmi olan böyük reklam çarxı olub. Sonradan çəkiliş heyətinin nümayəndələri özləri də onun şahidi olublar.

Kino-kuryoz

Film uğurlu alınsa da sonradan mətbuatın, kino cameəsinin və tamaşaçıların qəbul etmədiyi bir detal olub. O da Cəlalın ölümündən sonra Bəxtiyarın Humayı döymə səhnəsidir. Ən kryoz element kimi bu göstərilir. Hər zaman qəhrəmanlığı təbliq edən Sarı Şəmistana görə Peykanlıda mərd axtaran Bəxtiyarın bir zavallı və günahsız qızı amansızcasına vurması obrazın tamlığına ciddi zərbə vurur. Rejissorun ən böyük qüsuru kimi də elə bu səhnə göstərilir.

Yazıda kino araşdırmaçısı Ulduzə Canıyevanın kino tarixindən bəhs edən monoqrafiyasından, Azərbaycan Dövlət Televiziyasının arxiv materiallarından istifadə edilib.