ODA və ADO teatrlarının maliyyə çatışmazlığı ucbatından bağlanmaq təhlükəsi ilə üz-üzə qalması son günlər sosial şəbəkələrin ən aktual mövzularından biridir.
Bu teatrlarda nə baş verir, maliyyə çatışmazlığı, yetərincə dəstəyin olmaması ODA və ADO-nun axırına çıxacaqmı? Yoxsa sadiq tamaşaçılar onları xilas edəcək?
Teleqraf.com-un əməkdaşı bütün bu suallara aydınlıq gətirmək üçün gənclərin özü ilə görüşüb.
“Teatrımız ikincə dəfədir ki, maliyyə sıxıntısı yaşayır”
Teatrın yaradıcısı Elmin Bədəlovla söhbətə körpü salırıq: “2013-cü ildə bir qrup gənclə birlikdə bu işə başladıq. Qrupumuzun üzvləri həvəskar aktyorlar idilər. Doqquz ay məşq etdik. O vaxt teatr üçün məkanımız yox idi, ona görə də müxtəlif yerlərdə fəaliyyət göstərirdik. Doqquz ay məşq eləyəndən sonra qrup dağıldı. Sonra Nikoloy Qoqolun "Evlənmə" əsəri əsasında tamaşa hazırladım. Tamaşanı pulsuz təqdim etdik və bir xeyli diqqət cəlb edə bildik.
2013-cü il iyulun 15-də Oda Teatrını təsis etdik.
Elə ilk gündən maliyyə problemləri ilə qarşı-qarşıyayıq. Çünki müstəqil teatr kimi fəaliyyət göstəririk, bizə yalnız tamaşaçılarımız dəstək olur. Bir müddət əvvəl də tamaşaçılarımıza müraciət etmişdik ki, hərəniz teatra özünüzlə bir adam gətirin. Bu, bizə bir müddətlik kömək etdi.
İndi yenidən şiddətli maliyyə problem yaşayırıq. Borclarımız, cərimələrimiz bizi əməlli-başlı divara qısnayıb. Yenə müstəqil düşüncəli insanlara, sadiq tamaşaçılarımıza üz tutmuşuq, ümid edirəm, bizə kömək edəcəklər.
Məhkəmələr, qalmaqallar, borclar…
Elmin Bədəlov deyir ki, ODA teatrında maliyyə sıxıntısı yaranmasının əsas səbəblərindən biri Şuşa Teatrının rəhbəri Yadigar Muradovla olan məhkəmə çəkişməsidir: “Bu çəkişmə mənim əleyhimə bitdi. Çox böyük miqdarda cərimə olundum. Bununla yanaşı, fəaliyyət göstərdiyimiz məkanın kirayə haqqı və komunnal xərclərlə bağlı borclarımız çoxalıb. Bu çətinliklərə baxmayaraq teatrda fəaliyyətimizi davam etdiririk.
“ODA Teatrının fədakarlıq missiyası var”
“Biz tamaşaçılar üçün çalışırıq. Məsələn, ODA-nın nəzdində yaranan ADO Teatrının fədakarlıq missiyası yoxdur. O istədiyi vaxt fəaliyyətini dayandıra bilər. Ancaq ODA cəmiyyətə, teatr mədəniyyətinin formalaşmasına, müstəqil teatr ənənəsinin yaranmasına xidmət missiyası ilə yaranıb.
Hazırda maliyyə sıxıntısı yaşadığımıza görə fəaliyyət göstərdiyimiz məkanı itirə bilərik. Amma düşünürəm ki, bizim teatr ölməyəcək. Çünki insanların marağında olan bir teatrdır. Məkanımız bağlansa da fəaliyyətimizə son qoymayacağıq. Məsələn, sabah mənim və digər aktyorların evində də tamaşalar hazırlaya bilərik. Ən son variantda küçədə küçə tamaşaları oynayacağıq.
İndi biz hər həftə tamaşa oynayırıq. Elə vaxt olub ki, aya 10-15 tamaşa təhvil vermişik. ODA və ADO Teatrı insanlara mənəvi qida verir.
“Gənc qızları əxlaqsızlığa sürükləmirik”
Bu yaxınlarda xalq artisti Ramiz Məliklə yaşadıqları qalmaqaldan da söz açırıq: “Ramiz Məlik cəmiyyətdə çəkisi olmayan insandır. Deyir, onlar Mədəniyyət və Turizm Nazirliyindən lisenziya almayıblar. Bu adam bilmir ki, müstəqil teatr lisenziya almadan fəaliyyət göstərir.
Biz gənc qızları onun dediyi kimi əxlaqsızlığa sürükləmirik. Sadəcə olaraq, bizi istəməyən qaragüruh bunu belə təqdim edirlər. Tamaşada açıq-saçıq səhnə təqdim edilən kimi əxlaqsızlıq kimi baxırlar, sənət kimi yox”.
“Elminlə ortaq cəhətlərimizin olduğuna görə birlikdə işləməyə qərar verdik”
Elmin bəylə söhbətimizə ara verib teatrın digər üzvlərinə üz tuturuq.
Fransalı aktrisa Elza Furtatov deyir ki, ODA-da işləmək onun üçün çox sevindiricidir: “Moskvada Beynəlxalq teatr məktəbini bitirmişəm. Uzun müddət Fransa teatrlarında çalışmışam. Bir ilə yaxındır ki, Elmin Bədəlovun layihəsində birlikdə işləyirik. Elminlə ortaq cəhətlərimizin olduğuna görə birlikdə çalışmağa qərar verdik. Teatrı çox sevirəm. Azərbaycanda da teatr mühitini gördüyüm üçün burada işləməyə qərar verdim”.
“Maliyyə problemi olduğuna görə lazım olan dekorları hazırlaya bilmirik”
Rəssam Leyla Quliyeva da pulsuzluqdan şikayət edir: “ADO Teatrı fəaliyyətə başladıqdan sonra burada işləməyə başladım. Teatr haqqında sosial şəbəkədə gördüm və rəssam kimi işləmək üçün müraciət elədim.
Könüllü fəaliyyət göstərirəm. Rəssamlıq Akademiyasının bitirmişəm. Əsas problem odur ki, maliyyə problemi olduğuna görə lazım olan dekorları hazırlaya bilmirik”.
“Universitet bitirən aktyorlardan yaxşı oynayırıq”
Aktyor Anar Əliyev üç ildir Oda Teatrında fəaliyyət göstərir: “Uşaqlıq illərindən incəsənətə böyük marağım var idi. İncəsənət Universitetini bitirməmişəm, amma biz universitet bitirən aktyorlardan yaxşı oynayırıq. Əlbəttə, bu hamıya aid deyil. Burada könüllü fəaliyyət göstərirəm. Başqa bir yerdə də işləyirəm. Ali savadlı fəhləyəm. Gündüzlər fəhləlik, axşamlar aktyorluq edirəm”.
“ODA yaddaşlarda qalacaq”
Sağollaşanda Elmindən saytımız vasitəsilə çatdırmaq istədiyi mesaj olub-olmadığını soruşuruq. O, bir daha əsas ümidlərinin tamaşaçılar olduğunu deyir: “Mən ümid edirəm ki, teatrımızın fəaliyyəti davam edəcək. Məkanımızı itirsək belə yaddaşlarda qalacağıq. Noyabrın 6-da 19:00-da“Stop” tamaşasını oynayacağıq. Tamaşaçılarımıza müraciət edib demək istəyirəm ki, hər tamaşaçı özü ilə bir tanışını gətirsə, bu problemdən daha tez xilas ola bilərik. Bizim ərkimiz yalnız tamaşaçılarımıza çatır. Çünki onlar bizi bir dəfə bu problemdən xilas ediblər və indi də xilas edəcəklərinə əninəm.
Tamaşaçılar, teatrşünaslar, yazarlar teatra görə çox narahatdır. Dediyim kimi, tamaşaçı sayı artsa, bu problemdən xilas olacağıq”.
Ümid
Uşaqlarla sağollaşıb teatrdan çıxıram. Hava qaralıb, bərk soyuqdur. Adətən, axşam düşəndə “şər qarışıb” deyirlər. Ancaq mən belə demirəm. Millətin öz teatrına, müstəqil sənət ocağına sahib çıxacağına inanmaq istəyirəm. Müstəqil sənət olan yerdə şərin nə işi?!
Rəqsanə