![](https://teleqraf.az/storage/2025/01/22/715x378/whatsapp_image_2025-01-22_at_14.21.04_(1).jpg)
Bu gün Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlı ilə Türkiyənin "DEVİN Media Akademi" film şirkəti arasında müqavilənin imzalanma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, müqaviləyə əsasən, şirkət Xalq artistinin iştirakı ilə istehsal yönümlü layihələr ərsəyə gətirəcək.
Nurəddin Mehdixanlı qeyd edib ki, sözügedən müqavilə mədəniyyətlərimizin inkişafı naminə imzalanır.
"İndiyə qədər “Devin Media Akademiya” Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərib. Beləki, aktyor kursları yaradılıb, orada gənclərimiz təhsil alırlar. Amma biz düşündük ki, bu işi daha da genişləndirək, Azərbaycan, Türkiyənin tarixi və taleyi ilə bağlı ortaq layihələr- filmlər, seriallar çəkək. İlk işimiz yaxın hərb tariximizdə baş verən hadisələr haqqında bir serial ərsəyə gətirmək olacaq. İmzaladığım müqavilə müddətsizdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qarşıda bizi maraqlı layihələr gözləyir.”.
Onun sözlərinə görə, bu işdə polkovnik Abdulla Qurbani yaxından iştirak edəcək.
"Bu vaxta qədər Azərbaycana gəlib, amma iş görmədən gedən türk şirkətləri çox olub. Amma "DEVİN Media" öz imkanları ilə bu işi görəcək. Əməkdaşlığımızın baş tutmasının əsas səbəbi də məhz budur"- deyə xalq artisti əlavə edib.
"DEVİN Media Akademi"nin nümayəndələri bildiriblər ki, iyun ayında "Dar küçələr" adlı serialın çəkilişlərinə başlanılacaq.
Foto: Elnur Muxtar