.jpg)
Dekabrın 24-də Nizami Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filmin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, filmin ssenari müəllifləri Saida Haqverdiyeva, Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur. Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.
Filmin qısa zamanda çəkildiyini deyən Saida Haqverdiyeva ekran əsərində 40-ı adlamış qadınların, xüsusən də yaradıcı qadınların üzləşdikləri problemləri qabartmağa çalışdıqlarını qeyd edib. Onun sözlərinə görə, bu silsilədən daha iki film çəkiləcək.
Sevda Sultanova bildirib ki, filmdə nəinki aktrisalar eləcə də hər bir qadın özünə doğma olan əhvalı, vəziyyəti görə biləcək.
Aktrisa Zümrüd Qasımova 40 yaşın qadınlar üçün əsl əzaba çevrildiyini deyib: “40-dan sonra həyat dəyişir, insanların sənə münasibəti dəyişir və əgər sənətdəsənsə bu daha da çətin hal alır. Çünki sənə rol vermirlər. Aktrisaların ən birinci problemlərindən biri budur. Teatrda rollar daha gənc aktrisalara həvalə olunur. Bu film Azərbaycan reallığında yaşayan və bu sənətdə olan aktrisaların həyatından bəhs edir. Mənim filmdə yaratdığım obraz məişət problemləri ilə üz-üzə qalan baş rol üçün getdiyi kastinqdən gileyli qayıdan aktrisadır. Amma sonra baş verənlər onun üzünü güldürür”.
Gülçöhrə Abdullayeva aktrisa obrazını ilk dəfə yaratdığını bildirib: "Bu komanda, belə gözəl ailə ilə məni tanış etdiyinə görə aktrisa Ülviyyə Əliyevaya təşəkkür edirəm. Hər aktrisa aktrisanı təqdim etmir. Bu gerçəklikdir və aktrisaların problemidir. İndiyə kimi müxtəlif obrazlar yaratmışam, amma ilk dəfədir ki, aktrisa obrazını canlandırıram. Mən sənətdə yaşadığım inciklikləri bu filmdə hiss etdim. Saida xanım qadınların yaşantılarını hiss edərək qələmə alır və onun yazdıqları ilə biz aktrisalar sözümüzü deməyi bacarırıq".
“RS Production"un istehsalı olan filmin (prodüserlər Kəmalə Nəhmətova və Saida Haqverdiyeva) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.