Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb.

Bu barədə Teleqraf.com-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O qeyd edib ki, Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər:

"Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin. 65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir".

Qeyd edək ki, Çingiz Ələsgərli Qaynarinfo.az saytına açıqlamasında teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə tərəfindən işdən uzaqlaşdırıldığını bildirib.