“Bu gün Azərbaycanda rejissor kadrları baxımından problemlər var. Xüsusən əyalət teatrlarında rejissorlara daha çox ehtiyac var”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İrəvan Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov deyib. Onun sözlərinə görə, Azərbaycan rejissorlar teatrlarda müəyyən statusa malikdirlər: “Teatrlarda baş rejissor ştatı varsa, o, hər zaman repertuara, aktyorların rol bölgüsünə cavabdeh olur. Bəzi teatrlarda baş rejissor olmur və bu daha çox prodüser teatrı adlanır. Rusiyada baş rejissor yenə əvvəlki kimi yüksək statusa malikdir, amma Avropa teatrlarında rejissor ştatları yoxdur. Orda prodüserlər teatrda mühüm mövqe tuturlar. Həmin prodüserlər həm də yaradıcı adamlar olurlar. Prodüser teatrında rejissorlar dəvət olunur, yeni kadrlar axtarılır. Amma bu aktyorların inkişafına o qədər də şərait yaratmır. Repertuar teatrında isə aktyorlara geniş şərait yaradılır”.

O, Azərbaycanda tamaşa hazırlayan əcnəbi rejissorlara yüksək qonorarın verilməsini də normal hesab edir. Amma o da öz rejissorlarımıza az məbləğdə qonorarın verilməsinin əleyhinədir: “Əcnəbilər burada tamaşa hazırlayırlar və bildiyimə görə, 15 min avro qonorar alırlar. Biz isə üç-dörd tamaşa hazırlamağa məcburuq. Onun da biri 300-400 manata başa gəlir. Qonorarlar teatrlara görə dəyişir”.

Teatrların repertuar siyasətinə toxunan rejissor bildirib ki, İrəvan teatrında repertuar Mədəniyyət və Turizm Nazirliyində təsdiqlənir: “Repertuarın müəyyən olunmasını Mədəniyyət və Turizm Nazirliyi teatrların ixtiyarına verib. Repertuarı teatrın direktoru İftixar Piriyevlə məsləhətləşərək müəyyənləşdiririk. Biz repertuarı tərtib edib, təsdiq üçün nazirliyə göndəririk. Onlar da kollegiya iclasında hamı kimi bizim də repertuara baxıb, təsdiq edir. Bundan sonra işə başlayırıq. İl ərzində bir yaxud iki tamaşanı dövlət sifarişi ilə hazırlayırıq”.

Nərmin