7-11 sentyabr tarixlərində 5-ci Bakıda Animafilm Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalın Təşkilat Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, festivalın mövzusu iqlim dəyişikliyidir.
“Biz inanırıq ki, animasiya filmləri insanları birləşdirə və cəmiyyətimizdə mühüm dəyişikliklər edə bilər. Bu səbəbdən qərar vermişik ki, bilet satışından əldə olunan bütün gəlir ağac əkilməsinə xərclənəcək”.
Hazırda festivala film qəbulu davam edir. Bu il də festival Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə ənənəvi mükafat təqdim edir.
Həmin kateqoriya üzrə ANİMAFİLM festivalının qalibi 2023-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.
Festivalın digər tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.