Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinə yeni sədr seçkiləri may ayında keçiriləcək.
Bunu Teleqraf.com-a açıqlamasında AKİ-nin katibi Əli İsa Cabbarov deyib.
O bildirib ki, İttifaqın yeni sədri Azərbaycan kinematoqrafçılarına liderlik edə bilən şəxs olmalıdır: “Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının ali orqanı İdarə Heyətidir. İdarə Heyətinin 18 üzvü var. Cari işləri aparan icraçı isə katiblikdir. Katibliyin hazırda 6 üzvü var.
Katiblikdə ilkin məsləhətləşmələr aparılıb, məsələyə bir neçə aspektdən yanaşılıb. Təklif olunub ki, seçiləcək sədr ittifaqın, həmçinin Azərbaycan kinematoqrafçılarının lideri olacaq şəxs olmalı, xalqımız arasında nüfuzu ilə fərqlənməlidir. Bu məqamda Rüstəm İbrahimbəyovun mənəvi xatirəsini də nəzərə alırıq və düşünürük ki, seçimimizlə onun ruhunu sevindirməliyik.
Biz dövlət tərəfindən maliyyələşən təşkilatıq. Bu baxımdan həmin vəzifədə dövlət və hakimiyyət orqanları ilə yaxşı əlaqələr qura bilən, işlərimizi daha da qabağa aparmağı bacaran adam olmalıdır”.
Əli İsa Cabbarov bildirib ki, katiblikdə artıq müəyyən rəy formalaşıb. Yaxın günlərdə ad açıqlanıb, ümumi iclasa təklif olunacaq: “Ümumi iclasda bütün üzvlərin iştirakı ilə yeni sədr seçiləcək, İdarə Heyətinin üzvləri və katiblik də yenidən fomalaşdırılacaq”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.
Dünən isə Təzə Pir məscidində Rüstəm İbrahimbəyovun 40 mərasimi keçirilib.