Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə yekun vurulub.

Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.

“Buta Film” MMC-nin "Ata və oğullar", “Ultra Production”-nın "Əlvida, noyabr", “Nova Gorica” Kino Mərkəzi MMC-nin "Qıfıl", “Mandarin Agency” Co-nun "Mavi sviterli adam", “Narimanfilm” MMC-nin "Müqəddəs inək", “Ultra Production” "Ölü Həsən", “Cinemedia” MMC-nin "Uçurum" ssenariləri müsabiqənin qalibi elan olunub.

2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.

Pitçinq mərhələsi 18 mart 2022-ci il tarixində Dövlət Film Fondunda təşkil olunub. Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsi ilə canlı yayımlanan pitçinqdə müəlliflər tərəfindən layihələrin təqdimatı həyata keçirilib. İştirakçılar layihələrini açıq pitçinqdə müdafiə ediblər.

Münsiflər heyətinin sədri Oleq Səfərəliyev, üzvləri İlqar Fəhmi, Mehriban Ələkbərzadə, Asif Rüstəmov, Şamil Süleymanov, Nadir Əliyev, Hacıbala Səfərov idi.