Bu dünya soğuyacak günün birinde,
hatta bir buz yığını
yahut ölü bir bulut gibi de değil,
boş bir ceviz gibi yuvarlanacak
zifiri karanlıkta uçsuz bucaksız.
Şimdiden çekilecek acısı bunun,
duyulacak mahzunluğu şimdiden.
Böylesine sevilecek bu dünya
"Yaşadım" diyebilmen için...
Onun haqqında hər zaman bunu deyirlər: “O, füsunkar qadındır”, “O, peşəkar aktrisadır”
Bu peşəkar aktrisa, füsunkar qadının yubiley məclisi də “Nəyə görə yaşamağa dəyər...” adıyla belə isti, belə doğma, belə səmimi olmalıydı. Nəyə görə yaşamağa dəyəri Mehriban Zəki belə təqdim etdi onu sevənlərə...
Beynəlxalq Muğam Mərkəzinin zalı. Səhnənin sol hissəsində pianino, sağ hissəsində papaqların və pencəyin asılı olduğu asılqan.
Əməkdar artist Elşən Cəbrayılov səhnəyə çıxıb, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin məktubunu səsləndirdi.
Daha sonra Mehriban Zəkinin Yuğ Teatrının səhnəsində oynadığı tamaşalardan kadrlar nümayiş olundu. Ardınca səhnəyə yubilyarın özü buyurdu:
“Sən bacaracaqsan. Çünki tanrı bizi sevir”
“Axşamınız xeyir, xoş gəlmisiniz. Bu gün sizi bura dəvət etməkdə məqsədim 27 ildə öyrəndiklərimdən bir balaca söhbət açmaqdır. Təxminən 1989- cu ildə Yuğ Teatrına gəldim. Hələ tələbə idim. O zaman ilk tamaşam “Kitabı Dədə Qorqud” eposundan Bamsı Beyrək boyu əsasında hazırlanan “Oğul” tamaşası idi. Ondan sonra türk eposları mövzusuna aludə oldum. Saz çalmağı öyrəndim. Daha sonra dövlət tədbirlərinə, xarici səfərlərə dəvətlər aldım. Bir gün isə Mədəniyyət və Turizm Nazirliyinin növbəti tədbiri ilə bağlı çıxış etmək təklifi alanda Vaqif İbrahimoğlu ilə birlikdə həmin tədbir üçün çıxış hazırladıq. Səfərə gedəndə Vaqif müəllim mənə kiçicik bir kağız parçası verdi. Kağızın üstündə yazılmışdı ki, çıxış günü oxu. O gündən bu günə mən həmin kağızı tamaşa, tədbir günləri oxuyuram. Bu gün də özəl bir gün olduğu üçün həmin yazını sizlərə oxumaq istəyirəm:
“Sən bacaracaqsan. Çünki tanrı bizi sevir”. Bu sözləri deyib, kövrəldi Mehriban xanım və titrək səslə davam etdi:
“Uğurlar olsun qızım. 23 avqust, 1995- ci il. Dədə”.
Yuğçular bunu daha yaxşı bilir, o zaman biz Vaqif müəllimi dədə adlandırırdıq. Teatrda ilk tamaşam “Kitabı Dədə Qorqud” eposundan Bamsı Beyrək boyu əsasında hazırlanan tamaşa olduğu üçün ilk çıxışımda da “Dədə- Qorduq” eposundan müqəddimədən “Tanrının adıyla” olan bir parçanı ifa etmək istəyirəm”.
“İlk dəfə Mehribanı onda gördüm”
Musiqinin ardınca ekranda “Otel otağı” filmində Fəxrəddin Manafovla Mehriban Zəkinin birgə oynadıqları kadrlar təqdim olundu. Ekran qaralan kimi Mehriban Zəki səhnəyə çıxaraq
“Siz, İvan Petroviç...” deyə müraciət etdiyi tamaşaçılar arasında əyləşən Fəxrəddin Manafova səsləndi. Fəxrəddin Manafov səhnənin pilləkanlarını qalxandan sonra gözəl və incə jestlə Mehriban Zəkinin əllərindən öpüb, roluna hazırlaşmağa başladı. Barmaqları ilə saçlarını kobudcasına yuxarı qaldıraraq və səhnədəki asılqandan pencək götürüb, əyninə geyindi. Və hər iki sənətkar səhnədə vaxtilə “İbrus” teatrında oynadıqları “Vanya dayı” tamaşasından bir hissəni canlandırmağa başladılar.
Bir az sonra Mehriban Zəkinin səhnəni tərk etməsi ilə tamaşa başa çatır və mikrofon arxasında Fəxrəddin Manafov tək qalır:
“27 il öncə ...min səkkiz yüz...(gülür)” deyib, arxaya baxaraq, yubilyara işarə ilə “Ümid edirəm ki, səhnənin arxasında məni eşitmədi. (gülür) 1989-cu il idi... “Yuğ” Teatrı Həsənağa Turabovun sayəsində Akademik Milli Dram teatrının beşinci mərtəbəsində məskunlaşmışdı. Müəllimim mərhum Vaqif İbrahimoğlu yeni tamaşaya başlamalı, Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında “Salam” tamaşasını hazırlamalı idi.
Truppamızda oğlan aktyor heyəti yetərli idi, amma aktrisalarımız az idi. O zaman Vaqif müəllim İncəsənət İnstitutunu (indiki ADMİU) yeni bitirmiş insanları, hətta tələbələri dəvət etdi. Seçimlərdən sonra bir neçə gənc aktrisa bizim teatrın truppasına qatıldı. Mehriban da onların arasında idi. İlk dəfə Mehribanı onda gördüm. Tamaşadan öncə siz Mehribanın Yuğ Teatrının səhnəsində oynadığı tamaşalardan kadrları gördünüz, saçına fikir verdiniz yəqin..” deyərək aktyor əllərini ilə saçın həcmini təsvir edəndə salonda gülüş səsləri bir-birini əvəz etdi.
“Aktrisa var, boylu-buxunlu, gözəl bədənli, sarsıda bilən səsə malik, Şəfiqə xanım kimi. Amma gələnlər hamısı bəstəboylu, balaca idilər. İllər keçdi Mehriban həm öz istedadı, həm Vaqif müəllimin sayəsində çoxlu təcrübə qazandı. Mehriban çox istedadlıdır, bunu mən demirəm, hamı görür. Ən vacibi isə şəxsiyyətdir. Bu çox vacibdir. Dünən də vacib idi, bu gün də, mənə elə gəlir ki, sabah da vacib olacaq. Şəxsiyyətsənsə deməli mədəniyyət qalacaq, davam edəcək....
...Mən çox danışmıram ki, Mehriban?” deyə səhnə arxasında olan Mehriban Zəkiyə səslənir.
“Mehriban getsəydi...”
“Amma danışmaq istəyirəm. Biz təxminən 8-10 il öncə tez-tez qastrola gedərdik – Rusiyanın Sant -Peterburq, Moskva, Omsk, Tomsk, hətta Saranskidə də olmuşuq. Səfərlərin birində tamaşadan sonra dəqiq xatirimdə deyil, Belorus yoxsa Polşa teatrının rejissoru Mehribana yaxınlaşıb dedi ki, yeni tamaşaya quruluş vermək istəyirəm, sizin kimi aktrisa qarşıma çıxmayıb, siz çox gözəl danışırsınız, möhtəşəmsiniz və tamaşamda oynamanızı istəyirəm. Mehriban xanım cavabında “Çox yaxşı danışa bilərəm, amma mən azərbaycanlı kimi nəfəs alıram. Ona görə ora gələ bilmərəm” dedi. Mehribana bir neçə ölkədən, hətta Türkiyədən də təkliflər gəlmişdi, amma o heç yerə getmədi. Şükürlər olsun ki, getmədi. Getsəydi, Vaqif Səmədoğlunun “Sağ əlimlə sol əlimin arasında” əsəri yəqin nostalji kimi qalardı. Yaxud Ramiz Rövşənin şeirlərinə yazılmış mahnılar da...Mən çox danışdım, bilirəm ki, məni gözləyir. Bütün təbriklərə qoşulub, onu təbrik etmək istəyirəm. Bu gündən o səmada milyonlarla işıqlanan, yanan ulduzların arasında bir ulduz da parlayacaq, o da Mehriban Zəkinin ulduzudur”.
Fəxrəddin Manafov səhnəni tərk edib, yerini Sevda Ələkbərzadə, Elçin Şirinov və Mehriban Zəkiyə verir. “Uzun incə bir yoldayam” deyə oxuyan iki xanımı pianinoda Elçin Şirinov müşayiət etdi.
“Mehriban məni uzaqlara - keçmişə, gəncliyimə apardı”
Sonra işıqlar sönür, ardınca ekranda Mehriban Zəki və Şükufə Yusipovanın birlikdə oynadığı “Yalançılar” qısametrajlı filmdən bir epizod nümayiş olundu. Bu isə səhnəyə çıxacaq növbəti sənətkarın kimliyinə işarə idi. Şükufə xanımla Mehriban Zəki birlikdə Ramiz Rövşəndən bir şeir səsləndirdilər. Ardınca isə...
“Mən nostalji hisslərə qapanan insan deyiləm. Amma bu gün Mehriban məni uzaqlara-keçmişə, gəncliyimə apardı. Sənə içimdən gələn bir səslə can sağlığı, can sağlığı, can sağlığı arzulayıram. İstəyirəm həyatın, yaradıcılığın sevinclə bol olsun”, dedi Şükufə xanım...
Səhnədə yenə Mehriban Zəki gitaranın müşayiəti ilə Kamal Abdullanın “Soldu nar çiçəkləri” şeirini söylədi.
Şeir bitdi, işıqlar yenə söndü, ekranda isə məşhur rejissor Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” filmində Fuad Poladovla Mehriban Zəkinin yer aldığı bir səhnə canlandı.
Səhnədə isə “İvan Buninin macəraları”ndan bir parça oynadılar Fuad Poladovla Mehriban Zəki...Ardınca isə...
“Sizinlə bıçağın üzərində yeriyib, kəsilməyə də razıyam”
“Mehriban xanımın oxumağının vurğunuyam”, deyə sözə başlayır Fuad Poladov və davam edir: “Biz Mehriban xanımla bir neçə tamaşada tərəf müqabili olmuşuq. Əsasən də İbrus Teatrında on ilə yaxın bir yerdə işləmişik. Mən burda Amerika açmayacam. Yaxşı tərəf müqabili aktyor üçün uduşdur. Tərəf müqabil var, sənə tamaşanı daha da sevdirə bilər, tərəf müqabili də var ki, səni tamaşadan bezdirə bilər. Tərəf müqabili var onunla tamaşa oynayanda bilmirsən tamaşa harda başladı, harda qurtardı. Tərəf müqabili də var ki, acı bağırsaq kimidir. Bir tərəf müqabili var ki, məni tamaşada rəvan və istədiyim kimi oynamağa heç vaxt qoymayıb. O da Mehriban xanımdır. Mən bu xanımla səhnəyə çıxanda həmişə qarışıq hisslər yaşamışam: həm əsəbləşmişəm, həm sevinmişəm, həm qəzəblənmişəm, həm də işdən zövq almışam. Mehriban xanım gözlənilməzliklərlə dolu bir aktrisadır. Onunla səhnədə olanda gərək bıçağın tiyəsinin üzərində yeriyən kimi yeriyəsən. Çünki birdən elə bir sözaltı məna, birdən elə bir baxış, birdən elə bir intonasiya, rəng eşidə bilərsən ki, onun müqabilində ona cavab verməlisən, yoxsa kəsilərsən bıçağın üstündə. Mehriban xanım, sizinlə bıçağın üzərində yeriyib, kəsilməyə də razıyam. Sonda fikrimi elə Buninin sözləri ilə bitirəcəm: Siz sadəcə möhtəşəmsiniz”.
Alqış səsləri susmaq bilmir...
Daha sonra Salman Qəmbərovun pianonoda müşayiəti ilə Mehriban xanımın filmlərdə yaratdığı obrazlardan kadrlar canlanır ekranda...
Bu məclisdə “Sağ əlimlə sol əlimin arasında” mahnısı səslənməsəydi olmazdı.
“Dediyim kimi bu geriyə dönüb baxdığım qısaca icmal idi...Ümid edirəm ki, daşa dönməyəcəm. İndi fəaliyyət göstərdiyim Milli Konservatoriyanın tələbə xoru ilə bir nömrə təqdim edəcəm. Və böyük şair Nazim Hikmətin “Yaşamağa dair” şeirini səsləndirəcəm.
Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak.
Yaşamayı ciddiye alacaksın,
yani o derecede, öylesine ki,
mesela, kolların bağlı arkadan, sırtın duvarda,
yahut kocaman gözlüklerin,
beyaz gömleğinle bir laboratuvarda
insanlar için ölebileceksin,
hem de yüzünü bile görmediğin insanlar için,
hem de hiç kimse seni buna zorlamamışken,
hem de en güzel en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde.
Yani, öylesine ciddiye alacaksın ki yaşamayı,
yetmişinde bile, mesela, zeytin dikeceksin,
hem de öyle çocuklara falan kalır diye değil,
ölmekten korktuğun halde ölüme inanmadığın için,
yaşamak yanı ağır bastığından.
Bu dünya soğuyacak,
yıldızların arasında bir yıldız,
hem de en ufacıklarından,
mavi kadifede bir yaldız zerresi yani,
yani bu koskocaman dünyamız.
Bu dünya soğuyacak günün birinde,
hatta bir buz yığını
yahut ölü bir bulut gibi de değil,
boş bir ceviz gibi yuvarlanacak
zifiri karanlıkta uçsuz bucaksız.
Şimdiden çekilecek acısı bunun,
duyulacak mahzunluğu şimdiden.
Böylesine sevilecek bu dünya
"Yaşadım" diyebilmen için...”
Nərmin Muradova