Bir neçə gün öncə İlham Qasımovun “Oğlan evi - 2” filmi təqdim edildi. Birinci hissəylə müqayisədə ikincini bəyənməyən tamaşaçılar sosial şəbəkələrdə tənqidi fikirlər yazdılar. Daha bir diqqətçəkən məqam isə birinci filmdə rol alan Fərda Xudaverdiyevlə İslam Mehrəliyevin ikinci filmin qala gecəsinə qatılmaması oldu.
Teleqraf.com məsələni aydınlaşdırmaq üçün rejissor İlham Qasımova və filmin yaradıcı heyətinə müraciət etməklə yanaşı, tanınmış mədəniyyət yazarı Aliyə Dadaşovanın da ekran işiylə bağlı dəyərləndirməsini aldı.
Rejissor İlham Qasımov məsələyə belə aydınlıq gətirdi: “Bəzi tamaşaçılar birinci hissəni ikincidən daha üstün hesab edirlər. Kino sahəsindən başı çıxan adamlar və dərin düşüncəyə sahib insanlar isə ikinci filmi daha çox bəyənirlər. Mən kinematoqrafik və keyfiyyət baxımından yüz faiz deyə bilərəm ki, ikinci film birincidən daha üstün səviyyəlidir.
Bizim filmlərimiz Vaqif Mustafayevin komediya filmləri ilə müqayisə olunmazdır. Onun filmlərində yüksək bədii estetika var. Ağıllı yumorlardan istifadə edilib. Bəlkə də, çalışsaq, biz də o tipli filmlər çəkə bilərik. Yumoru yüksək səviyyədə çatdırmaq lazımdır. Biz də o balansı qorumaq istəyirik. Film tamaşaçını arxası ilə aparmalıdır. Dərhal pul qazanmaq istəyənlər tamaşaçı zövqünə işləyən film çəkə bilərlər. Amma tarix göstərir ki, o tipli filmlərin keyfiyyəti aşağı olur”.
Rejissor “Oğlan evi - 1”də çəkilən Fərda Xudaverdiyev və İslam Mehrəliyevi ikinci filmin qala gecəsinə dəvət etməməsindən də danışıb: “Münasibətimizdə inciklik yoxdur. İkinci filmdə ssenari dəyişdiyinə görə kollektiv də dəyişib.
Baba obrazının biznes qurmaq fikri var idisə, oraya şəriklər əlavə etməli idik. Köhnə kollektivlə davam etsəydik, yaxşı alınmazdı. Yeni simalar aşkar etmək daha maraqlı olur. Hətta üçüncü hissəni çəkəndə bu filmdəki aktyorların 50 faizi dəyişəcək. Fərdanın incidiyini dəqiq deyə bilmərəm. Yer məhdudiyyəti olduğuna görə çox adam dəvət edə bilmədik. Bu, o demək deyil ki, kiməsə hörmətsiz yanaşırıq. Qətiyyən yox! Min nəfərlik yer olsaydı, daha yaxşıydı. Hətta düşünürük ki, premyeralarımızı günorta təqdim edək və yalnız jurnalistləri dəvət edək. Çünki premyeralara təkcə mediadan 200 nəfər gəlir”.
Aktyor Fərda Xudaverdiyev qala gecəsinə dəvət edilməməsinin səbəbini bilmədiyini deyib: “Münasibətlərimiz hər zaman yaxşı olub. İlham Qasımovun məni filmin qala gecəsinə dəvət etməməsinin səbəbini bilmirəm. Hətta ailəm də məndən soruşur ki, İlham səni niyə dəvət etmədi? Nə cavab verəcəyimi bilmirəm. Bunun cavabını özü daha yaxşı bilir”.
Aktyor İslam Mehrəliyev də qala gecəyə dəvət edilməyən aktyorlar sırasında olub: “Heç kimdən küsməmişəm və küsmək də xarakterimə uyğun deyil. “Oğlan evi - 1” filmindən sonra münasibətimizdə anlaşmazlıq yaşanmayıb”.
Aktyor Nicat Rəhimov ikinci filmdə hadisələrin başqa istiqamətdə cərəyan etdiyi üçün dəvət edildiyini açıqlayıb: “İkinci hissə Baba obrazının sərgüzəştləri ətrafında cərəyan edir. Tamaşaçılar “Oğlan evi - 1” və “Oğlan evi - 2” filmini müqayisə edirlər. Bir qismi birinci filmin, digər qismi isə ikinci filmin daha maraqlı olduğunu deyir. Amma hər iki filmdə tamamilə fərqli hadisələrdən bəhs edir. Mənim üçün hər iki film yaxşıdır. Tamaşaçı kimi birinci filmə də baxıb, çox gülmüşəm. Hamı məni “Bozbas pictures”dən Şirin kimi tanıyır. Başqa obrazlarda da oynamışam. Anma Yavər obrazı da tamamilə başqa obrazdır. Aktyor başqa obrazlarda da oynamalıdır. İlham Qasımov məni düzgün, istədiyi kimi oynadıb. Yavər obrazı çox sevilib. İlham Qasımov rejissor kimi çox peşəkardır. Fərda Xudaverdiyev və İslam Mehrəliyevlə münasibətim əladır. Qala gecəsinə isə gəlməmələri mənim problemim deyil. Onlar mənim qardaşlarımdır”.
Tanınmış mədəniyyət yazarı Aliyə Dadaşova “Oğlan evi - 2” filmini bəyənməyib: “Mənə “Oğlan evi - 1” daha dinamik gəlmişdi. Düşünürdüm ki, ikincidə daha çox kino dili ilə işləyəcəklər. Amma yumorun situasiya, söz və təsvir dilinə keçməməsi ümidlərimi doğrultmadı. “Oğlan evi - 2” kommersiya və sosial mövzulu film kimi dəyərlidir. Ümumiyyətlə, müstəqil kino layihəsinin start götürməsi çox yaxşı haldır. Aktyorların oyununa gəlincə, hər ikisində çox yaxşıdır. Onu da əlavə edim ki, “Oğlan evi - 2”də təsvir fərqində inkişaf gözləyirdim, o da olmadı”.
Rəqsanə