“Eurovision - 2017” mahnı müsabiqəsinin keçiriləcəyi tarix açıqlanıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə məlumatı müsabiqənin təşkilatçısı olan Ukrayna Milli Televiziya Kanalının mətbuat xidməti yayıb.

Müsabiqənin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.Tədbirin keçiriləcəyi məkanın adı da bəllidir. “Eurovision - 2017” mahnı müsabiqəsi Dneprin sol sahilində yerləşən beynəlxalq sərgi mərkəzində təşkil olunacaq.

Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk deyib: “Bütün səs-texniki avadanlıq mükəmməlləşdirilməlidir. 12-14 min tamaşaçı üçün hazırlıq görülməlidir. Ətrafda hər şey quraşdırılmalıdır – bu, landşaft dizaynıdır, bu, çay tramvayları ilə soldan sağ sahilə keçiddir”.

Bu arada “Eurovision - 2017” mahnı müsabiqəsində iştirak edəcək ölkələrin sayı da açıqlanıb. 62-ci dəfə təşkil olunacaq müsabiqədə ümumilikdə 43 ölkə iştirak edəcək.

“Eurovision - 2016” müsabiqəsinin qalibi “1944” mahnısı ilə ukraynalı müğənni Camala olub.