BAKI, 19 avqust. TELEQRAF

İsrail ABŞ-yə avqustun 18-də Suriyanın İdlib vilayətinə hava hücumunun Türkiyənin bölgədə hərbi mövcudluğunu genişləndirməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ və İsrail rəsmilərinə istinadla “Axios” məlumat yayıb.

Raket zərbələri yerli vaxtla səhər saatlarında baş verib. Türkiyə sərhədindən təxminən 72 kilometr aralıda, Suriyanın şimalında yerləşən Əbu Dühur hərbi aerodromunun uçuş-enmə zolaqlarına və bir neçə anqarına ən azı 8 bomba atılıb.

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, Təl-Əviv Ağ Evi zərbələr barədə əvvəlcədən məlumatlandırıb.

ABŞ Prezidenti Donald Tramp bundan bir neçə saat əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, amma məsələnin müzakirə olunub-olunmadığı məlum deyil.

İsraillilər Ağ Evə deyiblər ki, zərbələrin məqsədi Türkiyənin hava bazasına müasir silah sistemləri göndərməsinin və obyektdə hərbi qüvvələrin sayının artırılmasının qarşısını almaq olub.

Türkiyə rəsmisi İsrailin açıqlamalarını təkzib edib: “Türkiyənin sözügedən hava bazasında hərbi mövcudluğu yoxdur. İsrail qonşu ölkələri bombalamaq və bölgədə qeyri-sabitlik yaratmaq üçün bəhanələr uydurur”.

Bəzi ABŞ rəsmiləri isə hava kampaniyasının oktyabrda İsraildə keçiriləcək parlament seçkiləri ilə əlaqəli olduğunu düşünürlər. Həmin rəsmilər qeyd ediblər ki, Tramp administrasiyası Suriya hökumətini təmkinli olmağa çağırıb və İsraildəki seçkilərdən sonra məsələnin həllinin daha asan olacağını vurğulayıb.