BAKI, 11 avqust. TELEQRAF
İsrail ordusunun xüsusi bölməsi Suriyanın cənubundakı Əl-Quneytra əyalətinin ərazisinə daxil olub və Taranca kəndində əməliyyat keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya KİV məlumat yayıb.
Bildirilib ki, əməliyyatda İsrail xüsusi təyinatlı qüvvələrinin azı 100 hərbçisi iştirak edib. Hərbçilər evlərə və digər obyektlərə diqqətlə baxış keçirərək silah anbarları və döyüş sursatı aşkarlayıblar. Bildirilib ki, həmin ərazilərdə əvvəllər radikal Fələstin və İran qruplaşmalarının üzvləri fəaliyyət göstərib.
Məlumata görə, əməliyyat başa çatdıqdan sonra İsrail bölməsi yerli sakinlərdən birini girov götürərək Suriya ərazisini tərk edib.
“Shafaq News”un yazdığına görə, son bir ay ərzində İsrailin Suriyanın cənubundakı Quneytra və Dəra əyalətlərində yaşayış məntəqələrinə 22 müdaxiləsi qeydə alınıb.
İyunun 25-də Suriya Prezidenti Əhməd Şaraa bildirib ki, Dəməşq İsrailin cənub əyalətlərinə davamlı müdaxiləsini dayandırmağa çalışır. Onun sözlərinə görə, Dəməşq beynəlxalq vasitəçilər vasitəsilə dolayı danışıqlar yolu ilə İsrailin hücumlarına son qoymağa cəhd edir.