BAKI, 24 iyun. TELEQRAF
“İran və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıram”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi deyib.
“İrandakı vəziyyətlə bağlı bəyanatları (atəşkəs) alqışlayıram. Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığın yenilənməsi uğurlu razılaşmanın açarıdır. Mən (İran xarici işlər naziri ) Abbas Əraqçiyə məktub yazdım və bu addımın İranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara biləcəyini vurğuladım və tezliklə görüşməyi təklif etdim”, - AEBA rəhbəri bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.