BAKI, 8 iyul. TELEQRAF

Bu gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində baş vermiş qətl hadisəsinin bəzi detalları məlum olub. İlkin ehtimala görə, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşı Nübar Bağırovanı xüsusi amansızlıqla qətlə yetirdikdən sonra özünü də öldürüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisədən əvvəl ailədə ciddi gərginlik yaşanıb. Qonşuların iddiasına əsasən, Coşqun Bağırov təxminən bir ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Bu müddətdə ailənin dolanışığını Nübar Bağırova təmin edib. O, marketdə satıcı işləyərək iki azyaşlı qızını böyüdüb.

İddialara görə, hadisədən bir qədər əvvəl Nübar Bağırova həyat yoldaşına ondan boşanmaq istədiyini bildirib. Bundan sonra ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Coşqun Bağırov həyat yoldaşına bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Daha sonra Coşqun Bağırovun özünü asaraq həyatına son qoyduğu bildirilir.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evdə Coşqun Bağırovun asılmış, Nübar Bağırovanın isə bıçaqlanmış meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.