BAKI, 23 fevral. TELEQRAF

Bakıda sələmçini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Elçin Vəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Bakıda baş verib.

Sələmçilik fəaliyyəti ilə məşğul olan Təravət Cəfərxanovanın Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.

İstintaqla müəyyən edilib ki, Elçin Vəliyev Təravət Cəfərxanovadan sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq məqsədilə hadisəni törədib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə ittiham irəli sürülüb.