BAKI, 23 fevral. TELEQRAF
Quba rayonunun Qonaqkənd kəndinin sakini 2009-cu il təvəllüdlü Elçin Elşən oğlu Ağaəliyə xəsarət yetirilib.
Teleqraf-ın xəbərinə görə, hadisə ötən ilin iyul ayının 28-də baş verib. Xəsarət yetirənin Nurəddin Ceyhun oğlu Nurəddinov olduğu iddia edilir.
Məlum olub ki, azyaşlı Elçin futbol oyunu zamanı qapıçı olub. O, çevik hərəkətləri ilə qapıdan topun keçməsinə imkan verməyib.
Bundan Nurəddin Nurəddinov hiddətlənib və oyun zamanı topu saxlamaq üçün Elçin ayağını uzadan zaman Nurəddin onun sağ ayağının üstünə tullanıb, baldır sümüyünü sındırıb.
Elçinə tibbi yardım göstərilsə də, vəziyyəti ağır olaraq qalır. Azyaşlı təhsilini davam etdirə bilmir, buna onun səhhətində yaranmış problem imkan vermir.
Azyaşlının babası Əfqan Əliyev istintaqın gedişindən narazıdır. O, nəvəsinin işinə ədalətli baxılmasını, günahkarların cəzalandırılmasını istəyir.
Əfqan Əliyev qeyd edib ki, nəvəsinin ağır xəsarət almasına dair polisə və prokurorluğa müraciət olunub: “Qonaqkənd sakini Nurəddin Nurəddinovun törətdiyi əməldən 7-8 ay keçməsinə baxmayaraq heç bir istintaq hərəkətləri aparılmayıb. Sanki belə lazım imiş. Nəvəm Elçin 11-ci sinifdə oxuyur. Nurəddin tərəfindən nəvəmin səhhətinə vurulan zərbəyə görə və səhhətindən yaranmış ağır durumla əlaqədar məktəbə getməsi, təhsil alması mümkün deyil. Zədələndiyi gündən nəvəm məktəbə bir gün də gedə bilməyib”.
Əfqan Əliyev deyib ki, 2025-ci ilin dekabrın 8-də Elmi Tədqiqat və Travmatologiya İnstitutundan nəvəsinin sağ ayağının yenidən rentgenoqrafiya edilib, həmin sənədə əsasən verilmiş arayışda ətraflı qeydiyyat aparılıb, nəvəsinin vəziyyəti orta-ağır qiymətləndirilib: “Yerimək məhdudiyyəti olduğu, vəziyyətinin orta-ağır olduğu üçün yenidən 6 ay təhsildən uzaqlaşdırılıb, ev təhsilinə yönləndirilib. Bu da o deməkdir ki, nəvəm Elçin 12 ay Nurəddin tərəfindən qəsdən törədilmiş əməlin əzab-əziyyətini çəkməlidir. Elçin iki dəfə əməliyyat olunub. Quba xəstəxanasında baldırındakı sınıqlara mil qoyulub. 6 ayda bundan sonra ev şəraitində müalicəsi davam etdiriləcək”.
Şikayətçi deyib ki, nəvəsinə qarşı əməli törədən Nurəddin Nurəddinova qarşı istintaqın hansı tədbirlərin görüb-görmədiyi onlara məlum deyil.
Şikayətçi əlavə edib ki, zərərçəkmiş nəvəsi Elçin Ağaəliyə mənəvi və psixoloji zərər vurulub.
Əfqan Əliyev eyni zamanda cinayət işinin istintaqının aparılmasından da narazıdır və bununla bağlı Quba rayon prokuroruna müraciət edib.
Həmçinin istintaqın gedişindan narazılığı ilə bağlı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə də şikayətlər ünvanlayıb. Bu günə kimi şikayətlərlə bağlı heç bir ciddi araşdırma aparılmayıb.


.jpg)

.jpg)

.jpg)
.jpg)

.jpg)

