BAKI, 21 fevral. TELEQRAF

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə yetkinlik yaşına çatmayan qızına qarşı zor tətbiq etməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü A.Cəfərov azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Teleqraf xəbər verir ki, ittihama görə, A.Cəfərov Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Yeni məhəllə ərazisində yerləşən ünvanda ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən qızının üz nahiyəsinə bir dəfə şillə vurub. Nəticədə zərərçəkmiş şəxsin sol göz ətrafında dərialtı hematoma və gözün ağlı qişasında qansızma yaranıb ki, bu da sağlamlığın qısa müddətə pozulması ilə müşayiət olunan yüngül xəsarət kimi qiymətləndirilib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə gecə saatlarında baş verib. O, qızının hələ yatmadığını və qonaq otağında telefonla oynadığını görüb, ona yatmağı tapşırıb. Qızının sözlərinə məhəl qoymadığını gördükdə isə onun üz nahiyəsindən bir dəfə vurduğunu deyib. Əməlindən peşman olduğunu bildirən A.Cəfərov həbs edilməsini istədiyini, əks halda özünə qəsd edəcəyini söyləyib.

Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zərərçəkmiş şəxs isə bildirib ki, ailədə mütəmadi olaraq mübahisələr baş verib, atası spirtli içki qəbul etdikdən sonra anasını da döyüb. Onun sözlərinə görə, həmin gecə də atası evə gəlib, bir müddət sonra qonaq otağında telefonla oynadığını görərək ona kobud şəkildə irad bildirib və otağına keçib yatmağı tələb edib. Zərərçəkmiş telefonu söndürüb otağına keçərkən atası ona yaxınlaşıb və üz nahiyəsindən bir dəfə zərbə endirib. O, hazırda atasından şikayətçi olduğunu, məhkəmə prosesi davam etdiyi müddətdə də atası tərəfindən təzyiqə məruz qaldıqlarını, anasının döyülməsi ilə bağlı fotoşəkilləri məhkəməyə təqdim etdiyini deyib və təhlükəsizliklərinin təmin olunmasını xahiş edib.

Məlum olub ki, A.Cəfərov əvvəllər də məhkum olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, həmin cəzanın 5 ilini çəkib.

Məhkəmə materiallarında göstərilir ki, təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə də ailə üzvləri ilə münaqişə yaradıb və bu səbəbdən polis orqanlarına aparılıb, barəsində yenidən araşdırma başlanılıb. Bu hallar onun ailə üzvlərinə, o cümlədən yetkinlik yaşına çatmayan uşağına qarşı zorakılıq hərəkətlərindən nəticə çıxarmadığını göstərib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə A.Cəfərov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.