BAKI, 12 yanvar. TELEQRAF
“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin barəsində olan qiyabi cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun icraatında keçirilən qiyabi iş üzrə prokuror ittiham aktını elan edib.
Proses qapalı keçirilir.
Məhkəmə baxışı yanvarın 26-na təyin olunub.
İttihamın mahiyyətinə gəlincə, 191900199 saylı cinayət işi üzrə İlqar Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci ilin dekabrın 25-də qərar qəbul edilib.
Həmin qərara əsasən, "Akkord"un keçmiş sahibi şəxsiyyəti istintaqa məlum olan tanışının etibarından sui-istifadə edərək onuy aldadıb.
İlqar Hacıyev Rusiyanın moskva vilayətinin Mıtişinski rayonunun Prokovka kəndində və Adinskov rayonunun Novişarvin kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib, həmin layihələrin icrası ilə bağlı 10 milyon ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18 milyon ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə tanışını aldadıb.
2016-cı ilin fevral ayından həmin ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava limanının qarşısında həmin dövrün rəsmi məzənnəsinə əsasən 17 milyon manat təşkil edən 10 milyon ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlaklarını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hacıyev İlqar Allaz oğlu istintaqdan qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25 dekabr 2020-ci il tarixli qərarla barəsində rəsmi axtarış elan edilib, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.