BAKI, 23 sentyabr. TELEQRAF
Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyev və onunla birlikdə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Əfsər Mirzəliyev və Səfər Səfərovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaq materiallarında qeyd olunduğuna görə, onlar əlbir qaydada sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətirdiyi, ümumilikdə 461 min manat dəyəri olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər.
Təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib.