LƏNKƏRAN, 19 sentyabr. TELEQRAF
Bu gün səhər Lənkəran-Lerik yolunda məktəbə gedərkən avtomobil qəzası nəticəsində həyatını itirən bacı-qardaşın əmisi Hümmət Əliyev danışıb.
Teleqraf-ın xəbərinə görə, Hümmət Əliyev həmin yolda belə hadisələrin bir neçə dəfə təkrarlandığını bildirib:
"Mən evdə idim, xəbər gəldi ki, uşaqlar tələf olub. Özümü xəstəxanaya çatdırdım. Uşaqlar hazırda morqdadırlar. Onları aparıb dəfn edəcəyik.
"Mercedes" markalı avtomobil sürət həddini aşdığına görə bu hadisə baş verib. Məktəblə evin arası 300 metrdir. Hadisə isə evdən 200 m aralıda baş verib. Dövlət qurumlarından xahiş edirəm ki, bu yolla bağlı tədbir görsünlər".
Kənd sakini İsa Şükürov da həmin yolda qəzanı önləyən tədbirlərin görülməli olduğunu deyib: "Gərək yolla bağlı tədbirlər çoxdan görülərdi. Radar nişanı var, amma özü yoxdu. Sürət məhdudlaşdıran nişan da vurulmayıb. Bu yollar düzəlməlidir, yoxsa bu cür qəzalar çox olacaq".
***
09:09
Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, rayonun Şovu kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil məktəbə gedən şagirdlər – 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Bacı-qardaş ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, qəza törədən avtomobil idarəetməni itirərək yolun kənarına çıxıb.
Faktla bağlı araşdırma aparılır.