LAÇIN, 13 avqust. TELEQRAF
Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev yaşadığı Ağcabədi rayon Şərəfxanlı kənd qəbiristanlığında dəfn edilib.
Bu barədə Teleqraf-ın Qarabağ bürosu xəbər verir.

***
10:53
Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.
Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşıbmış.
S.Quliyevin nəşi yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndinə gətirilib, dəfni üçün hazırlıq işləri görülür.
Mərhum ailəli olub, 2 qızı və 2 oğlu var.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən ov tüfəngi ilə öldürülüb. Qətl Laçın rayonunun Fingə kəndi ərazisində qardaşlar arasında yaranmış mübahisə zəminində baş verib.
X.Quliyev özü Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə yaşayırmış.

Fotoda: Səfər Quliyev və onu qətlə yetirən qardaşı Xasay Quliyev


***
12.08.25
19:46
Müğənni Səfər Quliyev (Laçınlı) qətlə yetirilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Laçın rayonunun Fingə kəndində baş verib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin ailədaxili münaqişə nəticəsində törədildiyi bildirilir.
Səfər Quliyev el şənliklərində müğənni kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
