MASALLI, 14 iyul. TELEQRAF
Masallı Rayon Polis Şöbəsində rayonda onlarla arı ailəsinə zəhər verilərək öldürüldüyü iddiası ilə bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, aidiyyəti qurum tərəfindən əraziyə baxış keçirilərək, laborator nümunələr götürülüb.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
14:04
BAKI, 14 iyul. TELEQRAF
Masallıda onlarla arı ailəsinə zəhər verilərək məhv edilib.
Teleqraf-ın Cənub bürosuna bu barədə təsərrüfat sahibi məlumat verib.
Astaranın Miki kənd sakini Təcib Rüstəmov bildirib ki, 35 arı ailəsini daha keyfiyyətli bal əldə etmək məqsədilə müvəqqəti olaraq Masallının Sığıncaq kəndindəki örüş sahəsinə yerləşdirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən təsərrüfatınfakı arı ailələrinə zəhər verilərək məhv edilib. Hadisə nəticəsində ümumilikdə 70-dən çox arı ailəsi tələf olub.
“Axşamçağı əmim oğlu zəng etdi ki, qonşuda arıları qırıblar. Sonra mənə də zəng edib dedi ki, sənin arıların da tələf olub. Gecə saat 11-də gəlib arıxanaya baxdım. Gördüm ki, arı ailələrinin hamısı ölüb. Tam dolu yeşiklər məhv olub. Zəhərli dərmanlardan istifadə ediblər. Çöldə cəmi 5-10 arı qalıb. Ümumilikdə 35 arı ailəsi tamamilə tələf olub”, - deyə Təcib Rüstəmov bildirib.
Oxşar hadisə kənd sakini Səid Əhmədovun həyətindəki arı təsərrüfatında da baş verib. Burada isə təxminən 40 arı ailəsinə zəhər verilərək məhv edilib.
Təsərrüfat sahibləri bildirirlər ki, arı yeşiklərində toplanmış bal da yararsız hala düşüb və istifadəsi təhlükəli ola bilər. Onların sözlərinə görə, hadisə nəticəsində ümumilikdə 30 min manatdan çox maddi ziyan dəyib.
Faktla bağlı polisə məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əraziyə gələrək laborator analizlər üçün nümunələr götürüblər.