BAKI, 15 may. TELEQRAF

Qax rayon prokurorluğunun binası qarşısında yüksək səslə musiqiyə qulaq asan şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə mayın 12-də Qax şəhəri, Azərbaycan prospektində baş verib.

Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Məmmədov (ad-soyad şərti verilib – red.) həmin gün təxminən saat 18:58-də Rayon Prokurorluğunun inzibati binasının qarşısında idarə etdiyi avtomobillə yüksək səslə musiqi dinləyib, ətrafdakı qadınlarla mübahisə yaradıb və səs-küy salıb.

O, öz hərəkətlərilə ictimai qaydanı pozub. Həmin avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün yol-patrul əməkdaşları tərəfindən saxlanılaraq nəqliyyat vasitəsi cərimə meydançasına, özü isə polis şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Qax Rayon Məhkəməsinin qərarı ilə Orxan Məmmədov 5 gün müddətinə inzibati qaydada həbs edilib.