
BAKI, 15 may. TELEQRAF
Böyük Britaniyanın xarici işlər naziri David Lemmi və həyat yoldaşı Nikol Qrini daşıyan fransız taksi sürücüsü oğurluqda ittiham olunur.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, hadisə Lemmi və Qrinin Fransanın dağ-xizək kurortlarından birinə səfəri zamanı baş verib. Lemminin ifadəsinə görə, gedişhaqqı səfərdən əvvəl ödənilsə də, taksi sürücüsü Nasim Mumin səfərin sonunda bıçaq çıxararaq təkrar ödəniş tələb edib.
Bundan sonra Lemmi və Qrin avtomobili tərk ediblər, Mumin isə avtomobili sürərək onların baqajı ilə birlikdə ərazini tərk edib.
Mumin isə Fransa mətbuatına müsahibəsində Britaniya XİN başçısını yalan danışmaqda ittiham edib və məhz Lemminin ona silahla hədə-qorxu gəldiyini bildirib. Diplomatın baqajını qaytarmadığını Mumin təsdiqləyib, lakin bunu öz həyatı üçün qorxması ilə izah edib.
Məsələni hüquq-mühafizə orqanları araşdırır.