İdmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edib.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Geri qayıdan hakimlər hökmü elan ediblər.
Təqsirləndirilən Emil Ağayev 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. O, ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Hacı Zeynalov


