Elçin Zəka kimi tanınan toy müğənnisi Elçin Kişiyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Zeynal Yusifovun 12 il 6 ay, Heydər Əkbərovun 11 il, Hökumə Əşrəfzadə və Rəhimə Əşrəfzadənin hər birinin 10 il azadlıqdan mərhum edilməsini istəyib.

Növbəti proses iyunun 14-də davam edəcək.

İttihama görə, ötən ilin iyunun 6-da Bakı şəhərində Hökümə Əşrəfzadə və bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girməklə quldurluq etmək barədə razılaşıblar.

Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb və gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib, aşkar olunamamaq üçün girişdən aralıda dayanıblar.

Rəhimə Əşrəfzadə avtomildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedib, orada bir müddət olub. O, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar.

Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub.

Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmaqda davam edərək Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildiriblər. Onu kapron qaytanla qollarını arxasında bağlayaraq divana oturdub, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında onun Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur ediblər.

Heydər Əkbərov və Hökümə Əşrəfzadə telefonları ilə danışıqlarının videoçəkilişini aparıb.

Daha sonra Elçin Kişiyevin evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.