Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən Azər Məmmədov ifadə verib.
O bildirib ki, onunla birgə müttəhimlər kürsüsündə əyləşənlərin heç birini tanımayıb: ”Ustayam, beş-altı il olar ki, Bakıya işləməyə gəlmişəm. Ruhlan İsmayılovla bir il əvvəl elan saytında tanış olmuşdum. Moped satışı ilə bağlı elan yerləşdirmişdi. Bununla bağlı iki-üç dəfə telefon əlaqəmiz olub. Onu bu işi görən adam kimi tanımışam”.
Azər Məmmədovun sözlərinə görə, ötən ilin yayında paytaxtın 3-cü mikrorayon ərazisində təmir sexi açıb: “Ruhlan İsmayılova da sexdə işləməyi təklif etdim. Deyirdi ki, maddi vəziyyətim yaxşı deyil, taksi sürürəm. Sexdə bir-iki ay işlədi, sonra gəlmədi, işdən çıxdı. Arada bir sexə gəlir-gedirdi. Hadisədən bir müddət əvvəl - fevralda gəldi, dedi ki, rayona getmişdim, maşın xarab olub. Özü bacarıqlı idi, öz maşınını özü təmir edə bilirdi”.
Azər Məmmədov bildirib ki, hadisə baş verən gün Ruhlan İsmayılov yenə onun işlədiyi sexə gəlib: ”Səhər saatlarında ehtiyat hissələri sataılan mağazaya getmişdim. Mağazada olanda Ruhlan zəng vurub dedi ki, halım pisdir, Zığdayam, məni şəhərə apara bilərsən? Əlimdə işim var idi, amma getdim. Ruhlanın rəngi ağappaq ağarmışdı, həyəcanlı idi, özü də axsayırdı, əlində çanta vardı. Onu “Torqovu”ya aparmağımı xahiş etdi. Yol tıxac idi deyə dediyi yerə tam çatmamış maşından düşdü. Mən də oradan sexə qayıtdım. Təxminən iki-üç saatdan sonra mənə müxtəlif nömrələrdən zənglər gəldi. Əvvəlcə elan saytındakı mopedlə maraqlanırdılar. Sonra Ruhlanın maşınının şəklini göndərdilər, tanıyıb-tanımadığımı soruşdular. Dedim ki, bu gün görmüşəm. Polisə çağırdılar, sonra məni Ruhlanı düşürdüyüm yerə apardılar”.
Daha sonra Azər Məmmədov tərəflərin suallarını cavablandırıb. O, hadisədən xəbərsiz olduğunu, Ruhlanın planı barədə hər hansı məlumatının olmadığını deyib. O, istintaq zamanı təzyiqlərə məruz qaldığını iddia edib, istintaqdakı ifadəsinin cinayət işi materiallarından çıxarılmasını məhkəmədən xahiş edib.
Növbəti proses yanvarın 10-da davam edəcək.
İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər - 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən şəxs Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.