Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Elman Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu ilin may ayında Bakı Metropoliteninin 28 May stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, Müşfiq Əliyevi 1965-ci il təvəllüdlü Elman Məhərrəmov qətlə yetirib. Elman Məhərrəmov Müşfiq Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.