Bakıda qətl törətməkdə təqsirli bilinən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial İsmayılovu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
Müəyyən edilib ki, İlkin Əhmədov uzun müddətdir Fail İsmayılovun evində kirayədə yaşayıb. Fail İsmayılov İlkin Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, hadisə baş verən günü səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb.
Evə qayıdarkən İlkin Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İlkin Əhmədov Fail İsmayılovu bıçaqlayıb, sonra da başını kəsib. İlkin Əhmədov cinayəti törədəndən sonra polisə təslim olub.
Elan olunmuş ittiham üzrə İlkin Əhmədov özünü təqsirli bilməyib. O, Gürcüstan vətəndaşı olduğunu, 9 yaşında Bakıya köçdüyünü söyləyib: “Fial İsmayılovun evində arvadımla kirayədə yaşayırdım. Fial da həmin evin arxasında qalırdı. Hadisədən əvvəl pivə alıb gətirdim, onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əvvəlcə onunla dava etdik. Sonra əlimə bıçaq keçdi, onu vurdum”.
Daha sonra zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən şəxsin atası Elzibar İsmayılov ifadə verib. O bildirib ki, İlkin Əhmədov hadisədən sonra Fial İsmayılovu bir neçə şəxs tərəfindən öldürdüyünü söyləyib: “İlkinin dediyinə görə, evdə onun arvadının yanında iki nəfər olub. Guya onlar oğlumu bıçaqlayıb. Amma sonra İlkin dediklərini inkar etdi”.
Şahid qismində ifadə verən İlkin Əhmədovun həyat yoldaşı Aygün Əhmədova qətlə yetirilən Fial İsmayılovun onu narahat etdiyini deyib: “Hadisədən əvvəl Fial məni zorladı. Sonra mənim iş yerimə, kafeyə gəlib, bir neçə bakal pivə içdi. Hadisə günü Fial bizə gələrək qapını döydü. İlkinə dedim ki, qapını açma. Amma İlkin qapını açdı, onlar pivə içdilər”.
Şahidin sözlərinə görə, pivə içəndən sonra Fial İlkinə qazın smart kartına pul yükləmək lazım olduğunu deyib: “Mən həmin vaxt yatmışdım. Qalxanda gördüm ki, Fial başımın üstündədir. Fial məni zorlamaq istədi. Paltarımı aşağı çəkdi. Bu zaman İlkin evə gəldi. Əvvəl həyat yoldaşım onu çölə çıxardı, Fial isə söyüş söyürdü. Bıçağı kimin götürdüyünü bilmədim. Bu zaman Fial dedi ki, bıçaq qarnıma girdi. Sonra onun bıçaqlandığını bildim”.
Növbəti proses oktyabrın 16-da davam edəcək.