Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə silahlı insident zamanı xəsarət alan Bəhruz Rəfiyevin tibbi ekspertizadan keçirlməsi ilə bağlı ekspert Alim Hüseynov ifadə verib.

Bəhruz Rəfiyev bildirib ki, heç bir tibbi müayinədən keçirilməyib. O, deyib ki, həbs olunmamışdan əvvəl xəsarət alıb və əli sarğılı olub. Onun sözlərinə görə, həbs olunandan sonra Kürdəxandakı istintaq təcridxanasına aparılıb və orada da heç bir müayinədən keçirilməyib.

Ekspert isə deyib ki, təqsirləndirilən şəxsin Travmotologiya İnstitunda müayinədən keçirilməsi ilə bağlı arayış olub: “İnstitudan arayış olduğu üçün biz onu yenidən müayinə etmədik. Əli sarğılı idi. Qanaxma ehtimalı olduğu üçün əlini açıb baxmadıq”.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Təqsirləndirilən şəxslər daha əvvəl də müxtəlif cinayət əməlləri törətdiklərinə görə məhkumluq həyatı yaşadıqları məlum olub.

Sonra məhkəmə istintaqı tamamlanması təklif edilib. Prokuror məhkəmə istintaqının yekunlaşmasını istəyib, vəkillər isə buna etiraz edib. Bu səbəbdən məhkəmə istintaqı tamamlanmayıb.

Növbəti proses oktyabrın 16-da davam edəcək.

İttihama görə, cinayət hadisəsi 20015-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.

Hadisə kriminal aləmdə nüfuza malik olan “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifov və “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında baş verən mübahisə ilə bağlı törədilib.