Bakıda taksi sürücüsünü qarşı quldurluqda təqsirli bilinən paytaxt sakini, 25 yaşlı Qardaşxan Abdullayev, Şirvan şəhər sakini, 25 yaşlı Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini, 24 yaşlı Rəfayel Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Qardaşxan Abdullayev və Ceyhun Məmmədzadə hər biri 8 il, Rəfayel Əlizadə isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, bu il martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi “Mersedes” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxslər metronun “20 Yanvar” stansiyasına gedəcəklərini bildiriblər.

A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.

Vahid Mövlazadə avtomolbildən düşərkən özünə məxsus bıçaqla onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirib və səs-küy yarandığından həmin şəxslər hadisə yerindən qaçıblar.

Görülmüş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Qardaşxan Abdullayev, Şirvan şəhər sakini Ceyhun Məmmədzadə, Cəlilabad rayon sakini Rəfayel Əlizadə tutulub.

İstintaq dövründə və məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər bildiriblər ki, dostlarının atasının yasına getmək üçün maşını ələ keçirmək istəyiblər.