Bakının Qaradağ rayonunda çoxsaylı oğurluq hadisələri törətməkdə şübhəli bilinən dəstə üzvləri zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Nurlan Hacıyev, Arif Nəsibov və onun qardaşı Akif həbs edilib.
Məlum olub ki, dəstə üzvləri ötən il sentyabrın 21-dən bu il aprelin 22-dək olan müddətdə 4 evdən pul və qızıl əşyalar oğurlayıblar.
İstintaq belə nəticəyə gəlib ki, dəstə üzvləri cinayətlərin törədilməsində yeniyetmə şəxslərdən istifadə edib. Yeniyetmə oğlana əvvəlcə oğurluq edəcəkləri ev və ya avtomobilin yanında gozətçi kimi dayanmasını, ətrafı müşahidə etməsini tapşırıblar.
Həmin yeniyetmə də dəstə üzvlərinin tapşırıqlarını yerinə yetirib.
Dəstə üzvlərinin yeniyetmənin əli ilə iki avtomobildən və bir evdən oğurluq etdiyi müəyyənləşib.
Keçirilən əməliyyat nəticəsində cinayətin iştirakçısı olan yeniyetmə oğlan da həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.