Bakıda dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Vambo Aurelien 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror Vambo Aurelienin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri bildirib ki, tanımadığı şəxslər onun etimadını qazanaraq 20 min dollarını guya xüsusi kimyəvi vasitələrlə 40 min dollara çevirəcəyi adı ilə aldadaraq ələ keçirib.
Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo saxlanılıb.
O, bir qrup şəxslə əlbir olaraq, Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.
Dəstənin digər üzvlərinin cinayət işinə ayrıca icraatda baxılıb.