Bakının Nəsimi rayonunda oğurluq avtomobillə ağır yol-nəqliyyat hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 5-də saat 14 radələrində Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.

Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.

Görülmüş tədbirlərlə avtomobil Ə.Topçubaşov küçəsində əzilmiş vəziyyətdə aşkar edilib və onu idarə edən şəxs saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalar nəticəsində oğurluğu törədənin Qəbələ rayon sakini Vüsal Alməmmədov olduğu məlum olub. Onun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Sükan arxasında olan Vüsal Alməmmədovun sərxoş olduğu Tibbi Müayinə Mərkəzi tərəfindən təsdiqlənib.

Müəyyən edilib ki, Vüsal Alməmmədov həmin avtomobili idarə edərkən Ə.Hüseynzadə küçəsində yolun kənarında dayanmış “KİA”, “Mersedes”, “Opel” və “Dacia” markalı 4 avtomobili, habelə yolu keçən paytaxt sakinləri Soltan Rəhmanovu və Asif Təhməzovu vurub. Xəstəxanaya yerləşdirilən Soltan Rəhmanova ilkin tibbi yardım göstərilib, Asif Təhməzovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı cinayət işi başlanıb.