Şəmkir rayonunda yaşayış evinə basqın edən şəxslər həbs edilib.
Bu haqda Teleqraf.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Rayonun Zəyəm Çırdaxan kəndində Yeganə Məmmədovanın evinə iki naməlum şəxs basqın edib.
Maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanı evdə olan iki azyaşlı övladının əl-qolunu bağlayıblar. Basqnçlar evdən 10000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən kənd sakinləri 35 yaşlı İlkin Babayev və 18 yaşlı Toğrul Babayev həbs edilib.
***
Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş verən quldurluq hadisəsi ilə bağlı açıqlama yayıb. Teleqraf.com xəbər verir ki, oktyabrın 4-də DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Müəyyən edilib ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10000 rubl (295 manat) pul aparıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədənlər müəyyən edilib və Zəyəm Cırdaxan kənd sakini İlkin Babayev və əvvəllər məhkum olunmuş Toğrul Babayev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Tutarlı dəlillər qarşısında həmin şəxslər bu əməli tamah məqsədi ilə törətdiklərini və əldə etdikləri pulu aralarında böldüklərini etiraf ediblər. Polis əməkdaşları tərəfindən maddi sübutlar onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.