Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmişov müdafiə çıxışı edib.

O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamlar tam sübuta yetirildiyini deyib: “Cəza məsələsinə gəldikdə isə dövlət ittihamçısı ilə razılaşmırıq. Biz təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini tələb edirik”.

Daha sonra təqsirləndirilən Fuad Məmmədzadənin vəkili müdafiə çıxışı edib. O bildirib ki, müvəkkili məhkəmədə istintaqa verdiyi ifadəsini təsdiq etməyib: “İstintaq orqanını ittihami məhkəmədə sübut olunmadı. Mənim məhkəmədə vəsatətim təmin edilmədi. Vəsatətimdə göstərmişdim ki, təqsirləndirilən şəxslər həbs ediləndən sonra videogörüntü məhkəmədə göstərilsin. Təəssüf ki, bu da olmadı. Fuada qarşı heç bir maddi sübut yoxdur. Narkotiklə bağlı ittiham isə fərziyyələrlə göstərilib. Müstəntiq protokol tərtib edib ki, təqsirləndirilən şəxslər toxum satıb. Axı burada heç bir sübut yoxdur, bunlar sadəcə fərziyyələrdir”.

Vəkil çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən Elmir Alxazovun vəkili bildirib ki, ibtidai istintaq qərəzli aparılıb: “İstintaq dövründə müvəkkilimin hüquqları pozulub. Onun barəsində irəli sürülmüş ittihamlara bəraət verilməsini xahiş edirəm”.

Növbəti proses oktyabrın 20-də davam edəcək.

Qeyd edək ki, prokuror Fuad Məmmədzadə 20 il, Ramil Əsirov 20 il, Abbas Hümmətovun 19 il 6 ay, Elmir Alxasov 20 il, Elnur Əsirov 18 il və Cavid Alxasova 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi “VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasın deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.