Bir qrup vətəndaşı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı altında dələduzluq etməkdə ittiham olunan 37 yaşlı Bakı şəhər sakini Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Ramiz Quliyev ifadə verib.
O bildirib ki, Qarabağ müharibəsi veteranıdır, ikinci qrup əlildir, DİN-nin Şuşa polis batalyonunun polis nəfəri olub, hazırda təqaüddədir. O, ifadəsində Samirə Nəsirovanın dələduzluğu ilə üzləşməsindən danışıb: “Bizə gələndə yaşayışımın çətin olduğunu, 30 kvadrat metrlik bir mənzildə yaşadığımızı gördü, Qarabağ əlili bu cür yaşaya bilməz dedi. Binəqədi icra hakimiyyətində və sosial müdafiə fondundakı tanışlarım vasitəsilə ev məsələsini həll edəcəyəni, yüksək vəzifəli bir şəxsin qohumu olduğunu və bu işdə ondan kömək alacağını bildirdi”.
Ramiz Quliyevin sözlərinə görə, bu işin görülməsi üçün ondan dörd min manat istəyib, pulun müəyyən adamlara çatacağını söyləyib: “Samirə sonradan adını bildiyim Elçinlə bizə gələndə onu yüksək vəzifəli bir şəxsin qardaşı oğlu kimi təqdim etdi. Əlil dostlarım Seyid və Saşadan borc pul tapıb Samirəyə verdim. Sonradan Samirədən şübhələnməyə başladım. Bu günə kimi pullarımı geri qaytarmayıb”.
Təqsirləndirilən şəxs zərərçəkmişin yalan danışdığını deyib.
Zərərçəkmiş Hüseyn Həsənli ifadəsində Samirə Nəsirovanın onu SOCAR-a sürücü düzəldəcəyini vəd etdiyini, aldığı pulları geri qaytarmadığını deyib.
Digər zərərçəkmiş İldırım Şükürov ikinci qrup müharibə veteranı olduğunu, SOCAR-a işə düzəlmək istədiyini bildirib.
Daha sonra zərərçəkmiş qismində Ədalət Hüseynov ifadə verib. Onun sözlərinə görə, Samirə Nəsirova onu SOCAR-a sürücü düzəldəcəyinə söz verib: “Samirəni Gəncədə Raufun vasitəsilə tanımışam. İmamzadə məscidinin yanında işə üzəlmək üçün 1000 manat pul da vermişdim. Samirə deyirdi ki, SOCAR-da iş yeri çoxdur, çoxlu adam toplayın, hamınızı işə düzəldəcəyəm, hamınız 1200 manat maaş alacaqsınız. Mən də tanışlarım Cəmaləddin, Rafiq, Elşən və Rövşənə xəbər çatdırdım. Onlar da pul verdilər. Bu günə qədər də pullarımızı qaytarmayıb”.
Növbəti prosesi oktyabrın 12-də davam edəcək.
İttihama görə, Samirə Nəsirova Elçin Əsədov və şəxsiyyəti istintaqa məlum olmayan Vüsal Məhərrəmov adlı şəxslərlə əlbir olaraq mütəşəkkil dəstə yaradıb.
Ələ keçiriləsi şəxsləri tapmaq məqsədilə jurnalist kimi elanlar vermək, Elçin Əsədovu yüksək vəzifəli şəxslərin yaxın qohumu kimi qələmə vermək qərara alınıb, başqa vəzifə bölgüsü aparılıb.
O, Elçin Əsədovu yüksək vəzifəli şəxslərin yaxın qohumu, SOCAR-ın işçisi kimi təqdim edərək söhbətlər aparıb, dəstənin digər üzvü Vüsal Məhərrəmovu isə SOCAR-ın kadrlar idarəsinin əməkdaşı kimi təqdim edib.
Dəstə üzvləri 28 nəfər zərərçəkmişi yüksək əməkhaqqı ilə işə düzəldəcəkləri adı ilə aldadaraq pullarını alıblar.
Samirə Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb. və barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Nəsirova “Ata yolu” qəzetinin baş redaktoru olub.