Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, sabiq nazirin şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.
Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib.
Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.
Əli İnsanov ittihamları qəbul etmir.