Bakıda quldurluqda ittiham olunan Bakı şəhər sakini, 36 yaşlı Taleh Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə araşdırılıb.

İttihama görə, Taleh Hümbətov ötən il dekabrın 23-də Yasamal rayonu H.Cavid küçəsində yerləşən “Şah market”ə girərək əlindəki alışqanı tapança formasında saxlayaraq satıcını hədələyib, kassadakı pulları ona verməsini tələb edib.

Basqın edən şəxsin əlindəki alışqanın tapança olduğunu zənn edən satıcı Məryəm Şərifova marketin kassasında olan pulları ona verib. Taleh Hümbətov pulu ələ keçirib və hadisə yerindən qaçıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Taleh Hümbətov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, bildirib ki, bir neçə dəfə Rusiyada məhkum olunub, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə soyğunçuluğa görə 3 il müddətinə azadlıqdan məhrum edilib: “Axşam saat 21.00-da kafedə çörək yedim, spirtli içki qəbul etdim. Birdən ağlıma gəldi ki, mağazaların birinə girərək pul ələ keçirim. Kafedən çıxandan sonra yaxınlıqdakı binanın birinci mərtəbəsindəki asılqandan ölçüsüz qadın corabı götürdüm ki, mağazaya girəndə başıma keçirim, məni görən olmasın”.

Taleh Hümbətov deyib ki, qarşısına çıxan “Şah market”ə kənardan nəzər salıb, içəridə gənc qızla bir oğlanın işlədiyini görüb: “Satıcı oğlanın marketdə olduğu müddətdə qarət planımı həyata keçirə bilməyəcəyimi düşündüm. Elə bu vaxt oğlanın mağazadan çıxdığını gördüm. Vaxt itirmədən asılqandan götürdüyüm qadın ayaqlığını – corabı başıma keçirdim və marketə daxil oldum.

Satıcı qıza yaxınlaşaraq sakit durmağı, qışqırmamağı və kassadakı pulları verməyi tələb etdim. Əvvəlcə pulları vermək istəmədi. Əlimi gödəkçəmin cibinə salıb təzədən çıxartdım, tapança şəklində tutub pulları verməyi tələb etdikdə qorxusundan kassada olan pulları mənə verdi.

Mağazadan çıxıb şəhərə getdim. Pulları sayanda gördüm ki, 475 manatdır. Hamısını şəxsi ehtiyaclarım üçün xərclədim, müxtəlif içkilər alıb içdim. Çox içdiyimə görə sonradan hara getdiyimi və etdiyimi xatırlamıram. Hadisə zamanı üzərimdə silah olmayıb. Yalnız əllərimi tapança formasında tutub qızdan pulları tələb etmişəm. Satıcı qız əlimi tapança kimi görüb. Videogörüntüdə sağ əlimdə görünən əşya qara alışqandır. Həmin alışqanla qızı hədələməmişəm”.

Məhkəmənin hökmü ilə Taleh Hümbətov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.