Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Faiq Məmmədov ifadə verib.

O, bildirib ki, öldürülən Firudin Hüseynov qonşusu olub, qətl hadisəsindən bir gün sonra xəbər tutub: “Ertəsi gün Firudinin qətlə yetirilməsini eşitdim və hadisə yerinə getdim”.

Zərərçəkmişin hüquqi varisi, qardaşı Fazil Hüseynov bildirib ki, qardaşının qətlində müəmmalı məsələlər var. Onun sözlərinə görə, qardaşı öldürülən zaman təqsirləndirilən şəxsə yalvarıb: “Mən hadisədən sonra həmin evə getdim. Evdə stolun, şkafın altı, evin içində hər yer qan idi. Güman edirəm ki, qardaşım onu öldürməməsi üçün Zakir Məmmədova yalvarıb. Qan içində qardaşım stolun, şkafın altında gizlənib, özünü qorumaq istəyib. Amma bu şəxs amansızlıq edib və qardaşımı qəddarlıqla öldürüb”.

Fazil Hüseynov qətli törədən Zakir Məmmədovun tək olmadığını deyib: “Zakir Məmmədov qardaşımı öldürdüyü üçün əli qana bulaşmış olmalı, qapını açanda qan izi qapıya düşməliyidi. Amma qapıda qan olmayıb. Zakir Məmmədov qardaşımı tək öldürməyib. Qətl törədilən evdə başqa qan nümunələri də olub. İstintaq orqanı bu məsələni axıra kimi araşdırmadı”.

Zakir Məmmədov isə deyib ki, Firudin Hüseynovu qəddarcasına öldürməyib: “Mən onun başının arxa hissəsində bir zərbə vurdum. Bunu prokurorluqda da demişəm. Bir zərbə və ya 7 zərbə olsun. Bu qətli törətmişəm. Amma bir zərbə ilə vurduğunmu dəqiq xatırlayıram. 7 zərbə vursaydım, o zaman elə olduğu kimi də deyərdim. Bir zərbə vurmuşam, zərbənin təsirindən də yerə yıxılıb. Daha stolun və yaxud şkafın altında gizlənməsi barədə deyilənlər yalandır. Onu vuran zaman evdə ikimizdən başqa heç kim olmayıb”.

Fazil Hüseynov qardaşının evində stolun altındakı qan ləkələrinin fotolarını məhkəməyə təqdim edib. O, bildirib ki, evdə 14 nümunədən ibarət barmaq izləri olub. Fazil Hüseynov bu nümunələrin də istintaq orqanı tərəfindən nəzərə alınmadığını söyləyib.

Hakim isə bildirib ki, qətl hadisəsi törədiləndən sonra ora çoxlu adam gedib: “Ola bilsin, həmin barmaq izləri onlara aiddir”.

Fazil Hüseynov həmçinin qardaşının tamah məqsədilə öldürüldüyünü deyib: “Qardaşımın evində 20 min dollar olub. Amma evdən 2500 dollar çıxdı”.

Təqsirləndirilən şəxs qətli tamah məqsədilə törətmədiyini deyib, əlavə edib ki, qətl hadisəsi törədilən zaman evdə 2500 dollar yox, 3500 dollar olub: “Mərhum qətl hadisəsindən əvvəl mənə borca pul vermişdi. Elə hadisə günü də mübahisəmiz pul üstündə düşdü. Əgər cinayəti tamah məqsədilə törətsəydim, evdəki 3500 dolları da aparardım. Mərhumun özü mənə demişdi ki, evdə bu qədər pul var. Evdə ikimiz olmuşuq. Burada özümü müdafiə etməyi bacarıram. Çünki Fransada hüquq təhsili almışam. Məni müdafiə etməyə ehtiyac yoxdur, özümü yaxşı müdafiə etməyi bacarıram”.

Növbəti proses iyulun 14-də davam edəcək.

İttihama görə, bu il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.

Məlum olub ki, o, həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə qatil tutulub.

İstintaq materiallarına görə, Zakir Məmmədov Firudin Hüseynovdan su qızdırıcısı almaq üçün onun evinə gəlib. Evdə onların arasında pul mübahisəsi yaranıb.

Bu zaman Zakir Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək Firudin Hüseynovun başına bir neçə zərbə vurub. Firudin Hüseynov oradaca ölüb. Zakir Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.

İstintaq zamanı Zakir Məmmədovun dələduzluq əməli törətdiyi, buna görə qətl hadisəsindən əvvəl dələduzluq etdiyi üçün axtarışda olduğu aydınlaşıb.

Zakir Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 180-ci (soyğunçuluq) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.