Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid Könül Əliyeva tez-tez barlara getdiyini deyib: "Həmin gün Xəyyam Paşayevi ayrı-ayrı barlarda 2 dəfə gördüm. Əvvəl rəfiqəm Xəyalə ilə bir bara girdim, bu oğlan orada tək oturub pivə içirdi. Ordan çıxıb Bayıldakı bara getdim, Xəyalə maşında məni gözləyirdi. Mən orda olanda bu oğlanla (Xəyyam Paşayev nəzərdə tutulur-H.Z.) mərhum arasında mübahisə oldu.

Mən da onlara dedim ki, sakitləşin, sizə problem lazımdır? Aralaşdılar, sonra bu oğlan bıçaq çıxarıb onu vurdu. Vurandan sonra çölə qaçdı, mərhumun yanındakı 2 oğlan da bunun arxasıyca qaçdılar. Vurulanı xəstəxanaya apardılar. Ölən oğlanın “kurtka”sı ilə telefonunu yerdən götürüb xəstəxanaya apardım, orada polisə verdim. Telefonu götürəndə yerdə dəstəyi qırıq bıçaq da gördüm, amma onu götürmədim”.

Könül Əliyevanın sözlərinə görə, içkili olduğu üçün gənclərin nəyə görə dava etdiklərini bilməyib.

Təqsirləndirilən Xəyyam Paşayev deyib ki, Könül Əliyeva mübahisənin səbəbini bilsə də, qorxusundan demir: “Ceyhunla Eldəniz mənim üstümə hücum edəndə bu xanım bizi aralaşdırdı, yəqin indi nədənsə qorxduğu üçün demir. Barda rusdilli bir qız var idi, sərxoş idi. Həmin qız qışqıra-qışqıra danışırdı. Ceyhun da buna görə o qızla mübahisə elədi.

Mən onları aralaşdırdım, Ceyhuna dedim ki, bu qızı tanıyıram. Sonra onlar mənlə dirəşdilər ki, sən bu qızı hardan tanıyırsan? Üstümə gəldilər, beşbarmaq çıxartdılar. Mən də gedib bıçaq götürdüm ki, yenə dava düşsə, gücüm çatmasa, mən də nəsə edə bilim”.

Digər şahid Qalib Qəhrəmanovun sözlərinə görə, hadisə baş verən bar onun atasının olub: “Həmin gün atam xəstələnmişdi, əvəzinə mən orda idim. Xəyyam əvvəldən barda oturub pivə içirdi. Ceyhun da gəlib bununla çox maraqlandı, bundan soruşdu ki, haralısan, hardan gəlmisən-filan. Bununla savaşmaq istəyirdi. Bir az mübahisə etdilər, mən yaxınlaşıb Xəyyama dedim ki, dava etməyin, polis gəlib buranı bağlayacaq.

O da sakitləşib yerində oturdu. Sonra məndən siqaret istədi, dedim, yoxdu. Çölə çıxdı, fikirləşdim yəqin siqaret almağa gedib. Amma pencəyi və pul qabısı stolun üstündə qalmışdı. Xəyyam qayıdanda Ceyhun bunun stolunda oturmuşdu. Bu da gedib onun başının üstündə dayandı, dedi, niyə yerimdə oturmusan. Dava düşdü, Xəyyam bıçaq çıxarıb onu vurdu, sonra da pencəyini götürüb getdi”.

Qalib Qəhrəmanov bildirib ki, stol üstündə davadan öncə də iki gəncin rusdilli xanıma görə mübahisəsi düşüb: “Orada rusca danışan bir qız vardı, oğlundan, qonşularından, maşınının vurulmasından danışırdı. Bir az bərkdən danışırdı, əsəbi idi. Rusca danışdığı üçün bunlar onu başa düşmürdü. Sonra da Ceyhunla mübahisə etdi. Ceyhunun namaz qılan olduğunu hadisə günü bildim. Ceyhun gəlib bizim türkiyəli barmendən pivə istədi, işçimiz ona pivə vermədi.

Ceyhun da gedib tanışlarının stolundan bir bakal pivə götürüb başına çəkdi. İşçimiz mənə dedi ki, ona bax, gör nə edir. Dedim nə edir ki, pivə içir də. Türkiyəli dedi ki, o adam namaz qılandı”.

Ceyhun Qurbanovun atası Rüstəm Qurbanov deyib ki, oğlunun hər hansı problemi olmayıb: “İki gün əvvəl babası rəhmətə getmişdi, bəlkə ona görə kefsiz olub.”

Növbəti prosesi iyulun 4-də davam edəcəkç

İttihama görə, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında Xəyyam Paşayev 25 yaşlı Ceyhun Qurbanovu ürəyindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra Xəyyam Paşayev kafeni tərk edib və bıçaqla qayıdaraq 25 yaşlı Ceyhun Qurbanova bir zərbə endirib. Ceyhun təcili tibbi yardım stansiyasında vəfat edib.

Bildirilir ki, Ceyhun Qurbanovun digər qardaşı 2016-cı ildə yol qəzasında vəfat edib.