BAKI, 21 avqust. TELEQRAF
Təqribən 1960-cı illərdən etibarən Mərkəzi Afrika ölkələri Belçikadan reparasiyalarla bağlı müəyyən konkret addımlar gözləyirlər.
Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq 101 ildir bu kolonial cinayətlərin üzərindən keçib.
"Düşünürəm ki, bu məsələdə beynəlxalq hüquq çərçivəsində konkret addımlar atılmalıdır. Ən mühüm addımlardan biri Belçika dövlətinin Mərkəzi Afrika ölkələrindən, həmçinin Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən dövlət səviyyəsində üzr istəməsi olmalıdır. Daha sonra təzminatların məbləği müəyyənləşdirilməli, maliyyə təzminatları mərhələli şəkildə bu ölkələrə ödənilməlidir. Sonda isə ən mühüm addımlardan biri bu ölkələrin daxili siyasi məsələlərinə Belçika tərəfindən hər hansı müdaxilənin olmamasının təmin edilməsi və kolonial cinayətlərin təkrarlanmaması üçün hüquqi mexanizmin yaradılması olmalıdır", - o vurğulayıb.