BAKI, 21 avqust. TELEQRAF
Azərbaycanda yaşıl enerji sahəsində, xüsusən də günəş və əlbəttə ki, Bakı kimi küləkli şəhərdə külək enerjisi kimi istiqamətlərdə nəhəng imkanlar var.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.
“Biz elektrik şəbəkələrinin birləşdirilməsi kimi müasir texnologiyalardan tutmuş, data mərkəzləri (data hubs) və Britaniya şirkətlərinin bu sahədə necə kömək edə biləcəyi ilə bağlı bir çox mövzunu birlikdə müzakirə edirik. Biz nəqliyyat, infrastruktur və bir sıra IT sahələri haqqında danışırıq.
Bununla da, iqtisadi fəaliyyətin çox geniş spektrində artıq Britaniyanın iştirakı var. Britaniya şirkətləri burada aktivdir və gələcəkdə daha çox Britaniya şirkəti gələcək”, - deyə o qeyd edib.
Səfir əlavə edib ki, o Bakıda gəzərkən təəccüblənib:
“Heydər Əliyev Mərkəzində “mini Bakı”nı görmək şansım oldu. Binaların nə qədər çoxunun Britaniya memarları tərəfindən layihələndirildiyini gördüm. Bu, çox möhtəşəm bir şeydir və bunun davam etdiyini bilmək də çox xoşdur.
Tezliklə Qarabağa gedib Britaniya memarları — “Chapman Taylor” tərəfindən layihələndirilmiş Şuşanı görməyi səbirsizliklə gözləyirəm”.